Əxlaq polisi “qadın ovunda”

İranda havaların istiləşməsi ilə bağlı əxlaq polisləri küçələrdə qadınları güdməyə başlayacaq /168.az/. Çarşablı qadın polis "əxlaqdan kənar geyinən" həmcinslərinə əvvəl xəbərdarlıq edəcək, təlimatlar yerinə yetirilməsə, onlar nəzarət-yoxlanış məntəqəsinə göndərəcəklər. Bu barədə məlumat verən Tehranın hüquq-mühafizə orqanının rəsmisi Hüseyn Sacedinya əhalinini şikayətlərini nəzərə alaraq polislərin qaydalara müvafiq geyinməyən qadınlara qarşı əməliyyat keçirəcəyini deyib. Plana əsasən "əxlaq polisi"nin 70 min üzvü küçələrdə gəzib baş örtüklərini düzgün bağlamayan, əl və ayaq dırnaqları boyalı, yarıaçıq ayaqqabı geyən qadınları bir-bir yoxlayacaq. Başdan ayağa qədər qara çarşabda olan əxlaq polisləri qadınları kənara çəkərək baş örtüyünü necə bağlamaq lazım olduğunu göstərəcək.


Qeyd edək ki, İran polisi hər il havaların istiləşməsi ilə "əyinlərini yüngülləşdirən" qadınlara qarşı müvafiq addımlar atır. Xəbərdarlıqlara məhəl qoymayan qadınlar nəzarət-yoxlanış məntəqəsinə aparılırdı. Onlardan müvafiq qaydaya uyğun geyinəcəklərinə dair iltizam alınır və azadlığa buraxılırdılarlar. Əvvəllər belələrini hətta şallaqlayırdılar. Bununla bağlı görüntülər dünya mətbuatında da kifayət qədər işıqlandırılıb.


Onu da deyək ki, sözügedən məsələ ilə əlaqədar xəbərdarlıq edilən qadın paltarını dəyişdirməməkdə israrlı olsa, həbs cəzası ilə üzləşə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə