Kolumbiya senatı Xocalı soyqırımını qəbul etdi- YENİLƏNİB

Kolumbiya senatı Xocalı soyqırımını qəbul etdi- YENİLƏNİB

Kolumbiya senatı Xocalıda baş verən cinayəti soyqırımı kimi qiymətləndirib. SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan xarici işlər nazirinin mətbuat katibi Elman Abdullayev deyib. Onun sözlərinə görə, Kolumbiya senatında qəbul edilən qətnamədə ermənilərin işğalçılıq siyasəti pislənilib. Senat eyni zamanda erməniləri BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnaməyə əməl etməyə çağırıb.

E.Abdullayev bildirib ki, həmin qərara əlavədə Azərbaycanına qarşı təcavüzkar siyasətin tarixi haqqında məlumat verilib, Azərbaycanın mövqeyi əks olunub, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı digər 7 rayonun Ermənistan tərəfindən təcavüzə məruz qaldığı və indiyə qədər Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması əks olunub: "Qərarda həmçinin 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, Azərbaycan əhalisinə qarşı törədilən zorakılıq və onların insan hüquqlarının pozulduğu barədə məlumat verilib və bu, qətiyyətlə pislənilib. Bununla yanaşı önəmli bir fakt Xocalıda baş vermiş cinayətlərin soyqırımı adlandırılmasıdır. Bu o deməkdir ki, Latın Amerikasında Meksikadan sonra növbəti bir ölkə - Kolumbiya Xocalıda baş vermiş hadisələri soyqırımı kimi qiymətləndirib.

XİN rəsmisi deyib ki, qərar Senata çıxmamışdan əvvəl Kolumbiyanın xarici işlər və müdafiə məsələləri üzrə ikinci komitəsində müzakirə edilib: "102 senatorun iştirakı ilə yekdilliklə qəbul olunan bu qərar Azərbaycan diplomatiyasının Xocalı soyqırımının dünya tərəfindən hüquqi siyasi qiymətin verilməsi istiqamətində növbəti uğurlu addımıdır. Biz bundan sonrada bu sahədə işləri davam etdirəcəyik. Bu istiqamət bizim üçün çox önəmlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə