Suriyada vəziyyət gərgin olaraq qalır. Fəalların sözlərinə görə, ötən gün təhlükəsizlik qüvvələri ölkənin müxtəlif bölgələrində dağıntılar törətməyə davam ediblər. Təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında baş verən sonuncu döyüşlərdə xeyli insanın öldürüldüyü 10 nəfərin isə yaralandığı bildirilir. Homs şəhərində çəkilmiş həvəskar kadrlarda şəhərin atəşə məruz qaldığı nümayiş etdirilib. Fəallar eyni zamanda, paytaxt Dəməşqdə, Hraytan və Anadan şəhərlərində də ağır döyüşlərin getdiyini bildiriblər. Onların sözlərinə görə, prezident Bəşər Əsəd ölkədə zor gücünə stabilliyi ələ almaq istəyir. Müxalifət həmçinin, rejimə verilən vaxtın sonunadək Bəşər Əsədin əlavə qənimət ələ keçirmək istədiyini qeyd edib.
BMT-nin Suriya böhranı üzrə xüsusi səfiri Kofi Annanın sözçüsü Əhməd Fövzi isə qeyd edib ki, tərəflərin 48 saat ərzində düşmənçiliyə son qoyması gözlənilir. Onun sözlərinə görə, Suriya rəhbərliyi Dəraa, İdlib və Zəbədani şəhərlərindən qoşunları geri çəkdiyini bildirib. Fəallar isə deyilən sözlərin əksini sübut etmək məqsədilə sözü gedən şəhərlərdə hərbi nöqtələrə yeni komandaların yerləşdirildiyini həvəskar çəkilişlərlə nümayiş etdirib.
Qeyd edək ki, Kofi Annanın sülh planına əsasən, Suriya qoşunları şəhərlərdən geri çəkilməli, tərəflər arasında atəşkəs əldə edilməli və siyasi dialoqlara start verilməlidir.
BMT-nin hesablamalarına görə, Suriyada ötən ilin mart ayından etibarən davam edən iğtişaşlarda 9 mindən çox insan öldürülüb. Müxalifət, eyni zamanda, yüzlərlə insanın həbs edilərək işgəncələrə məruz qaldığını bildirir. Ölkəni tərk edən əhali isə qonşu Türkiyə və İordaniyaya üz tutur. Təkcə Türkiyə tərəfə keçən insanların sayı 22 minə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB