İraqda Ərəb Ölkələri Liqasının liderlərinin sammiti başlayır

İraqda Ərəb Ölkələri Liqasının liderlərinin sammiti başlayır

Ərəb Ölkələri Liqasının liderlərinin İraqın paytaxtı Bağdadda danışıqlar üçün bu gün toplaşacağı vaxtda, ABŞ BMT və Ərəb Ölkələri Liqasının planının icrası üçün Suriyaya qarşı təzyiqləri artırıb. ABŞ Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland bildirib ki, Vaşinqton Bəşər Əsədin verdiyi vədlərin yerinə yetirildiyini görmür.


BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın planında BMT-nin nəzarəti altında bu ölkədə atışmalara son qoyulması, müxalifətin olduğu şəhərlərdən hökumət qüvvələrinin tam çıxarılması və humanitar yardımın çatdırılmasına imkan yaradılmasına çağrılır. Suriya hökuməti bu təşəbbüsə razılıq versə də, ölkədə zorakılığın hələ də davam etdiyi bildirilir.


20 ildən çox müddət ərzində İraqda ilk dəfə keçirilən bu mühüm sammitdə də əsas müzakirə mövzusu Suriya məsələsidir. Bu sammitdə gözləntilərin çox yüksək olmayacağı ehtimal edilsə də, uzun müddətdən sonra Bağdadda Ərəb Ölkələri Liqasının bu görüşünün keçirilməsi faktı bu ölkə üçün irəliləyiş əlaməti sayılır. Ancaq bir çox ərəb liderləri bu sammitdə iştirakdan imtina edib. Bu isə uzun illərdən sonra ərəb dünyası ilə münasibətləri yenidən yaxşılaşdırmağa ümid bəsləyən İraq hökumətini məyus edib.


Bağdadda keçirilən bu sammitlə əlaqədar yüksək təhlükəsizlik tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə