ABŞ-da senatorla müdafiə naziri arasında mübahisə olub

ABŞ-da senatorla müdafiə naziri arasında mübahisə olub

ABŞ senatoru Con Makkeyn Suriya məsələsi ilə bağlı ölkənin müdafiə naziri Leon Panetta ilə mübahisə edib. Panetta Makkeynin Suriyaya hava zərbələri endirməklə bağlı təklifinə cavab olaraq bildirib ki, hələlik təktərəfli addımlar atmaq düzgün deyil. Onun sözlərinə görə, Suriyada hakimiyyətin dinc yolla dəyişəcəyinə hələ ki, ümidlər var.


"Öz əhalisinə qarşı zorakılıq edən Suriya rejimi artıq öz legitimliyini itirib. Məsələnin qısa müddətdə həlli mümkün olmasa da, biz inanırıq ki, Ərəb Liqasının və Suriya xalqının istəyi ilə rejimin diplomatik yolla həlli ölkə üçün ən münasib seçimdir. İndiki vəziyyətdə hərbi müdaxilə etmək ağlasığmazdır. Biz belə bir hərəkətin nə nəticə doğura biləcəyini bilmirik" - deyə Panetta fikrini ifadə edib.


Makkeyn isə öz növbəsində qeyd edib ki, Birləşmiş Ştatlar lider ölkədir və Suriyada zorakılığa son qoymaqla beynəlxalq təhlükəsizliyin təmin edilməsində onun maraqları var. Onun sözlərinə görə, Azad Suriya Ordusuna hərbi dəstək göstərmək Suriya təhlükəsizlik qüvvələrini sarsıtmağa kifayət etməz.


"Bunun üçün oraya hava zərbələri endirmək lazımdır. Amerika orada baş verən zorakılığa seyrci qala bilməz. Biz həmişə belə vəziyyətlərə müdaxilə etmişik" - deyə Makkeyn Panettaya etiraz edib.

Bütün xəbərlər Facebook səhifəmizdə