İran İslam Respublikası Hindistan və Gürcüstan paytaxtlarında İsrail diplomatlarına məxsus avtomobillərin minalanmasında əli olması barədə ittihamlara münasibət bildirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İranın Hindistandakı səfiri Mehdi Nəbizadə bu barədə bəyanatla çıxış edib. Səfirin sözlərinə görə, İran istənilən terror hücumunu pisləyir: "Biz İsrail rəsmilərinin bütün uydurma şərhlərini təkzib edirik. Bu ittihamlar əvvəlki kimi yalan və iftiradan ibarətdir".
Öz növbəsində İsrailin baş naziri Binyamin Netanyahu Hindistanda və Gürcüstanda İsrail diplomatlarına qarşı terror aktı və terror cəhdində İranı günahlandırıb. Netanyahu İranın Nyu-Dehli və Tiflisdəki hadisələrə görə cavabdeh olduğunu söyləyib. Onun sözlərinə görə, İsrailə qarşı hücumların arxasında İran durur.
Qeyd edək ki, İsrailin Dehlidəki səfirliyi qarşısında partlayış baş verib. İsrail rəsmilərinin məlumatına görə, yəhudi diplomatın avtomobili hədəfə alınıb. Nəticədə qadın diplomat və onun sürücüsü xəsarət alıb. Dehli polisi insidenti araşdırdığını bildirib. İsrailin xarici işlər nazirliyindən verilən məlumata görə, Gürcüstanın paytaxtı Tiflisdə də yəhudi diplomata hücum cəhdi olub. İsrail səfirliyi qarşısında quraşdırılmış partlayıcı qurğunun zərərsizləşdirildiyi xəbər verilir. İsrailin xarici işlər nazirliyindən verilən məlumata görə, son bir neçə həftə ərzində Hizbullahın İsrail məntəqələrinə mümkün hücumları ilə bağlı həyəcan artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB