İran Aİ-ni qabaqlamaq istəyir

İran Avropaya neft ixracını Avropa İttifaqının sanksiyaları qüvvəyə minmədən dayandıra bilər. SİA-nın "Financial Times"a istinadən xəbərinə görə, bu barədə İran parlamentinin energetika komitəsinin təmsilçisi Emad Hüseyni açıqlama verib. O, qeyd edib ki, İran parlamenti yanvarın 29-da Avropa ölkələrinə neft nəqlinin tam dayandırılması haqqında qanun layihəsini qəbul edə bilər: "Qanun layihəsi qəbul olunsa, o zaman İran hökuməti Avropaya neft satışını Avropa İttifaqının Tehrana qarşı sanksiyaları qüvvəyə minməzdən əvvəl dayandıracaq".

Qeyd edək ki, yanvarın 23-də Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə