Misirdə parlament seçkisinin III mərhələsinin nəticələri açıqlanıb

Misirdə parlament seçkisinin III mərhələsinin nəticələri açıqlanıb

Misirin Mərkəzi Seçki Komissiyası parlament seçkisinin üçüncü mərhələsinin nəticələrini açıqlayıb. Paytaxt Qahirədə jurnalistlərə müsahibə verən Mərkəzi Seçki Komissiyasının sədri Abdulmuiz İbrahim seçki zamanı heç bir qanun pozuntusunun aşkarlanmadığını və seçkinin tam şəffaf keçdiyini bildirib. Komissiya sədri qeyd edib ki, parlament seçkisində 9 əyalət üzrə 37.1 faiz seçici iştrak edib. Belə ki, son nəticələrə görə, parlamentdə yerlərin əksəriyyətini İslamçı partiyalar qazanıb. Ən çox səs toplayan partiya isə Müsəlman Qardaşlığı siyasi qolunun Azadlıq və Ədalət partiyası olub. İkinci yerdə Sələfilərin Nur Partiyası, üçüncü yerdə Vəfd partiyası, dördüncü yerdə Misir bloku, beşinci yerdə isə Vasat partiyası qərar tutub.


Mətbuat konfransında çıxış edən komissiya sədri, eyni zamanda, qeyd edib ki, seçkinin gedişini əngəlləməyə çalışanlar xaricdən dəstək alırlar. Lakin bütün çətinliklərə baxmayaraq rəsmilərin öz vəzifələrinin öhdəsindən layiqincə gəldiyini bildirən İbrahim, məsələ ilə bağlı araşdırmaların aparıldığını və günahkarların məsuliyyətə cəlb olunacağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə