"Mançester Yunayted" klubunun və Fransa yığmasının keçmiş hücumçusu Erik Kantona Fransada prezidentlik postu uğrunda mübarizə aparmaq fikrindədir. SİA-nın məlumatına görə, 2010-cu ilin dekabrında bank sistemini dağıtmaq üçün əhalini bank hesablarını boşaltmağa çağıran 45 yaşlı Kantona şəhər merlərindən onun namizədliyini dəstəkləmələrini istəyib. Belə ki, Fransa qanununa əsasən prezident seçilmək istəyən şəxs seçkili vəzifəyə malik 500 məmurun səsini toplamalıdır.
Öz müraciətində Kantona söz verir ki, hökümət tərəfindən unudulmuş milyonlarla ailələrin maraqlarını müdafiə edəcək və bildirir ki, qarşısında çətin vəzifələr duran ölkəsinin maraqlarını müdafiə etməyə hazırdır.
Qeyd edək ki Kantona futbol karyerasına 1997-ci ildə son qoyub. Hazırda o "Nyu-York Kosmos" klubunun idman direktorudur.
Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci mərhələsi 2012-ci il aprelin 22-də baş tutacaq. İkincisi isə lazım gələrsə mayın əvvəlinə təyin olunacaq.
Hesab edilir ki, nüfuzu getdikcə zəifləyən hazırki Fransa prezidenti Nikolya Sarkozinin seçkilərdə əsas rəqibi sosialist namizəd Fransua Oland olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB