Misirin paytaxtı Qahirənin mərkəzində nazirlər şurasının binası qarşısında etirazçılarla polis arasında baş vermiş toqquşmada azı 15 nəfər xəsarət alıb.
SİA-nın xəbərinə görə, Misirin səhiyyə naziri Adil Adəvi bu barədə məlumat verib. Nazirlər kabinetinin binası qarşısında bir neçə həftədir toplaşan etirazçılar yeni baş nazir Kamal-əl-Qanzuri hökumətinin istefasını və yalnız nümayişçilərin seçdiyi namizədlərdən ibarət nazirlər kabinetinin formalaşdırılmasını tələb edirlər. Bu günki toqquşma isə polisin etirazçılardan birini saxlamasından sonra başlayıb. Nümayişçilər polis əməkdaşlarına və hökumət binalarına daş və yandırıcı maddələrlə dolu şüşə qablar atıblar. Bir neçə avtomobilin yandığı və polis maşınına da hücum edildiyi xəbər verilir. Polis su şırnaqları vasitəsilə və havaya atəş açmaqla etirazçıları dağıtmağa çalışıb.
Qeyd edək ki, həmin ərazidə sakitlik bir neçə gün əvvəl hökumət binası qarşısında toplaşmış etirazçılardan 50-nin qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilməsindən sonra pozulub. Zəhərlənməyə naməlum qadının etirazçıların düşərgəsində payladığı ətli kökə səbəb olmuşdu. Nümayişçilər hökuməti bu etiraz aksiyalarına son qoymaq üçün onları zəhərləmək cəhdində günahlandırırlar. Bundan sonra nümayişçilər hökumət binası qarşısındakı yolu yenidən bağlayıblar.
Bu arada Misirdə parlament seçkisinin ötən gün başa çatan ikinci turunda səslərin hesablanması prosesi gedir. İslamçı partiyaların daha da çox səs toplayacağı gözlənilir. Seçkinin birinci turunda \'Müsəlman qardaşlığı\' və \'Ən-Nur\' radikal sələfit partiyaları birlikdə səslərin 65 faizini qazanmışdı.