Britaniya polisindən öz xalqına qarşı yeni cəza növü

Britaniya polisindən öz xalqına qarşı yeni cəza növü

Britaniya polisi bundan sonra ölkədə nümayişçilərə qarşı ən yeni silahdan istifadə edə bilər. SİA-nın xəbərinə görə, bu, insanı bir anda kor edən xüsusi lazer silahıdır. Silah Britaniya hərbçiləri tərəfindən kəşf olunub və ilk dəfə Əfqanıstanda sınaqdan keçirilib. Son zamanlar ölkədə baş verən çaxnaşmalardan qorxuya düşən polis öz silah anbarını gücləndirmək məqsədi ilə həmin silahı hərbçilərdən almaq istəyir. Bundan bir az əvvəl isə Daxili İşlər Nazirliyinin çoxlu sayda su şırnağı ilə kütləni dağıda bilən maşınlar alacağı məlum olmuşdu. Əvvəllər polis bu maşınları İrlandiya hərbçilərindən icarəyə götürürdü. Görünür, ölkəni bürüməkdə olan çaxnaşmalardan ehtiyatlanan polis nümayiş və mitinqçilərə qarşı amansız addımlar atmaqda qərarlıdır. Polis avqust və sentyabrda Britaniyanın əksər şəhərlərini bürüyən nümayiş və qarışıqlığın təkrarlanacağından ehtiyatlanır. Buna qarşı ən ciddi qərarı isə ultramüasir lazer şüaları ilə silahlanmanı hesab eləmək olar. Silah zahiri görünüşcə snayper silahından demək olar ki, fərqlənmir. İstifadəsi də çox sadədir, düyməni basmaq kifayətdir. Amma nəticə dəhşətlidir. Bir anda 3 kvadrat metrlik sahə 500 metrə qədər məsafədə gözləri kor edən parlaq lazer divarına çevrilir. Həmin "divarın" əhatəsinə düşən hər bir kəs bir anda görmə qabiliyyətini tam itirir və yalnız müəyyən müddətdən sonra bərpa olunur. Silah artıq bir dəfə Əfqanıstanda sınaqdan keçirilib. Britaniya polisi hələlik bir neçə belə silah alacağını deyir. Tətbiq zamanı silahın həqiqətən sağlamlığa uzunmüddətli təsir etməyəcəyi təsdiqləndikdən sonra çoxlu sayda sifariş olunacaq. "Teleqraf" agentliyinin yaydığı məlumatda lazer silahın birinin qiyməti 25 min funt sterlinq(təxminən 30 min manat) göstərilir.

Şahin Abasov


Bütün xəbərlər Facebook səhifəmizdə