İtaliyanı yenidən etiraz dalğası bürüdü

İtaliyanı yenidən etiraz dalğası bürüdü

İtaliyanın yeni baş naziri Mario Monti parlamentdə anti-böhran strategiyasını açıqladığı vaxt paytaxt Romada, Turin, Palermo və Milan şəhərlərində tələbələr etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları büdcə xərclərinin azaldılmasına və işsizliyə etiraz nümayiş etdiriblər. Bütün İtaliyada nəqliyyat işçilərinin həmkarlar ittifaqları 1 günlük tətil elan ediblər. Daha əlverişli əmək müqavilələrinin hazırlanması tələbi ilə yürüş də keçirilib. Romada etiraz aksiyası ilə yanaşı, tətil elan edilməsi metro və avtobusların hərəkətini tamamilə dayandırıb.


Nümayişlərin bir neçə saatdır başlamasına baxmayaraq, artıq Milan və Palermo şəhərlərində 2 nəfər polislə toqquşmalarda xəsarət alıb. Təkcə Milanda 2500-dən çox adamın küçələrə çıxdığı bildirilir. Etirazçılar Mario Montinin vaxtilə rəhbərlik etdiyi Bokkoni Universitetinin qarşısına toplaşıblar. Tələbələr "Milan küçələrini ələ keçirək", "Böhrana görə biz ödəməyəcəyik" kimi şüarlar səsləndiriblər.


Paytaxt Romada isə tələbələr parlamentin yuxarı palatası olan Senatın binasına doğru yürüş ediblər. Burada yeni baş nazir Mario Monti öz strateji planını, yəni İtaliyanı borc böhranından çıxarmaq üçün görəcəyi iqtisadi tədbirlər proqramını təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə