Suriya son ayların ən qanlı günlərindən birini yaşayıb. Bir gündə ölənlərin sayı 75-ə çatıb. Suriya hüquq müdafiəçiləri hərbçilərin nümayişçilərə atəş açmaq istəməyən yoldaşlarını özlərinin qətlə yetirdiklərini bildiriblər. Suriya hüquq müdafiə qruplarının verdiyi məlumata görə, isə ölkənin əsasən Deraa vilayətində və onun yaxınlığındakı ərazilərdə ötən gün hökumət tərəfdarları ilə əleyhdarları arasında baş vermiş toqquşmalarda azı 40 nəfər ölüb. Onlardan 16 dinc sakin Deraada təhlükəsizlik qüvvələrinin anti-hökumət nümayişçilərinə açdığı atəş nəticəsində ölüb. Daha 20 nəfər isə İordaniya ilə sərhəd yaxınlığındakı Xirbet Qazale şəhərində öldürülüb. Hökumət mənbələri toqquşmalarda hərbçilərin də öldüyünü xəbər verib. Müxalifət mənbələri isə ötən gün Suriyada baş vermiş toqquşmalarda 50 nəfərin öldürüldüyünü açıqlayıb. Onlardan 28-nin Deraada, 13-nün Homsda, 6-nın İdlibdə, 2-nin Həmada, birinin isə əl-Qamışlıda öldürüldüyü bildirilir.
Bu arada Avropa İttifaqı Suriyada davam edən repressiya və insan haqlarının pozulmasına etiraz olaraq bu ölkənin dövlət Kommersiya bankına sanksiyaların tətbiqi ilə bağlı razılığa gəlib. Vaşinqtonun hələ avqustda sanksiyalar tətbiq etdiyi bu Kommersiya bankı Suriyanın xarici rezervlərinin çoxuna sahibdir və ilin əvvəlində onun ehtiyatı 17 milyard dollar müəyyən edilmişdi. Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton bildirib ki, bu tədbirlər Suriya xalqına qarşı yönəlməyib, ancaq hakim rejimin ölkədə repressiyanın möhkəmləndirilməsi üçün lazım olan maliyyə gəlirləri və dəstəkdən məhrum etmək məqsədi daşıyır. Beynəlxalq mülki təşkilat olan Avaaz bu addımı alqışlayıb və bəyan edib ki, bu, Bəşər Əsədin Avropada biznes əməliyyatlarına son qoyacaq və onun zülmkar idarəçiliyinə maliyyə dəstəyini kəsmək üçün həlledicidir.
Sentyabrın 24-dən etibarən Avropa İttifaqının Suriya rəhbərliyinə qarşı 7-ci sanksiya paketi qüvvədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB