1979-cu ildə Tehranda ABŞ səfirliyinin tutulmasının 32-ci ildönümüdür

1979-cu ildə Tehranda ABŞ səfirliyinin tutulmasının 32-ci ildönümüdür

İranda 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin binasının tutulmasının 32-ci ildönümü qeyd edilir. "Tələbə günü " kimi tanınan bu günlə əlaqədar paytaxt Tehranda bir sıra tədbirlər və nümayişlər keçirilir. Bu tədbirlərdə İraq, Əfqanıstan, Misir, Liviya və Bəhreyndən qonaqların da iştirak etdiyi bildirilir.


Bu il "Tələbə günü" nümayişlərinin əsas gündəliyi isə Yaxın Şərq və Şimali Afrika ölkələrində baş qaldıran İslam oyanışı və "Uol Striti zəbt et" hərəkatına həmrəylik nümayiş etdirməkdən ibarətdir. Tehranda keçmiş ABŞ səfirliyinin binası yaxınlığındakı əraziyə toplaşan minlərlə insan anti-amerika və anti-İsrail şüarları səsləndiriblər. Onlar üzərində "ABŞ-a ölüm", "İsrailə ölüm", "ABŞ terrorçuluğa dəstək verir", "Katipalizmə son qoyaq - Uol Striti dəstəkləyək" kimi şüarlar yazılan plakatlar daşıyıblar.


1979-cu il noyabrın 4-də Ayətulla Xomeyninin radikal tərəfdarları ABŞ səfirliyinin binasına daxil olaraq 52 əməkdaşı 444 gün girov saxlayıb. Girovlar yalnız 1981-ci ilin yanvarında sərbəst buraxılıb. Həmin insident isə ABŞ və İran arasında hələ də bərpa olmayan diplomatik münasibətlərin korlanmasına səbəb olub. Əksəriyyəti tələbələrdən ibarət olan nümayişçilər ABŞ səfirliyini fəal casusluq fəaliyyətində ittiham edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə