ABŞ-da son 135 ildə görünməyən güclü qar: 3 nəfər donaraq öldü

ABŞ-da son 135 ildə görünməyən güclü qar: 3 nəfər donaraq öldü

Amerika Birləşmiş Ştatlarının şimal-şərqində anomal soyuqlar düşüb. Atlantik okean sahillərindən Yeni İngiltərə ərazisinədək bölgədə güclü qar yağıb. Çovğun nəticəsində 3 nəfərin öldüyü bildirilir. Nyu Cersi, Pensilvaniya və Konnektikut ştatlarında 2,3 milyondan çox abunə elektrik enerjisiz qalıb.


Pensilvaniyanın şərqində çovğun baş verib. Meteoroloqlar qarın daha da güclənəcəyini proqnozlaşdırırlar. Nyu Cersi, Konnektikut və Massaçusets ştatlarında fövqəladə vəziyyət elan edilib, Nyu York qubernatoru isə ştatın 13 dairəsində fövqəladə vəziyyət elan edib.


Güclü külək və qar Filadelfiya, Nyuark Liberti və Con Kennedi adına beynəlxalq hava limanlarında uçuşların qrafikində dəyişikliklərə səbəb olub. Bir çox reyslər gecikib. Çovğun nəticəsində ağacların və yol işarələrinin aşması Konnektikut və Nyu York arasında dəmiryol reyslərinin təxirə salınmasına səbəb olub. Bölgə sakinlərinə evdən çölə çıxmamaq tövsiyə olunub.


Nyu-Yorkda oktyabr ayında qar yağması nadir hal hesab edilir. Sonuncu dəfə oktyabrda güclü qar 135 il əvvəl yağmışdı. Vermont, Nyu Hempşir və Meyn şəhərlərində rekord həddə - 300 millimetrədək qar yağıb.

Bütün xəbərlər Facebook səhifəmizdə