İsrail və Fələstin əsirləri dəyişdi

İsrail və Fələstin əsirləri dəyişdi

1027 fələstinli məhbus qarşılığında azad edilmiş İsrail hərbçisi Gilad Şalit Misirə gətirilən kimi bu ölkənin dövlət televiziyasına müsahibə verib. Solğun görünən Gilad Şalit evinə qayıdacağına görə çox həyəcanlı olduğunu, ailəsi və dostları üçün darıxdığını deyib. Həyəcandan təngnəfəs olan Gilad Şalit azad edilməsində əməyi keçən hər kəsə, o cümlədən vasitəçilik edən Misirə minnətdar olduğunu da bildirib. Müxbirin "Nə vaxtsa azadlığa çıxacağınızı inanırdınızmı?" sualına Şalit belə cavab verib: "5 ildən də çox, uzun müddət keçdi və mən həmişə düşünürdüm ki, elə bir gün gələcək, mən əsirlikdən azad ediləcəm. Bu müddət daha çox ola bilərdi, amma bu nəhayət ki, baş verdi. Azad ediləcəyimi bir həftə əvvəl öyrəndim. Hiss etdim ki, bu mənim azadlığa çıxmağım üçün son şans ola bilər. Nəyinsə bu işi pozacağından çox qorxurdum. Ümid edirəm ki, əsir mübadiləsi yəhudi və fələstinlilər arasında sülhə gətirib çıxaracaq".

Müsahibədən sonra Gilad Şalitin olduğu avtomobil karvanı Misirin Kərəm Şalom keçid məntəqəsindən İsrail tərəfə keçib. Buradan Şalit təyyarə ilə İsrailin cənubundakı Tel Nof aviabazasına göndərilib, orada isə onu ailəsi, İsrailin baş naziri Benyamin Netanyahu, hökumət və ordu rəsmiləri gözləyib. "Mən başa düşürəm ki, sizin yaxınlarınıza qarşı dəhşətli cinayətlər törətmiş insanların öz cəzalarını axıradək çəkməyəcəklərini qəbul etmək çətindir", - Benyamin Netanyahu belə deyib.

İsrail hökumətinin mətbuat katibi Mark Reqev də Gilad Şalitin dəyişdirilməsinin fələstinli məhbuslarla vacib olduğunu bildirib: "Biz bu gənc hərbçimizi geri qaytarmağa, sadəcə olaraq, borcluyduq".


İordan çayının Qərb sahilində isə yüzlərlə fələstinli öz yaxınlarının qayıdışını bayram edir. Misirlə Qəzza zolağının sərhədindəki Rəfah keçidində toplaşanlar artıq azad edilmiş yaxınlarına qovuşublar. Bura çatan ilk avtobuslarda olan fələstinli məhbuslar öz ailələri ilə görüşüblər. Qəzza zolağında fələstinli məhbusları HƏMAS hərəkatının lideri İsmayıl Haniyə də salamlayıb. Haniyə məhbusların bir neçəsi ilə qucaqlaşaraq görüşüb.


Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas isə Rəmalla şəhərində azad edilmiş məhbuslara və onları gözləyən izdihama müraciət edib. "Sizin səyləriniz, əməyiniz və verdiyiniz qurbanlar hədər getmədi. Siz qurban verdiniz, mübarizə apardınız və bu mübarizənizin nəticəsi kimi paytaxtı Qüds olan azad və müstəqil Fələstin dövlətinin yaradılmasını görəcəksiniz", - deyə, Fələstin Muxtariyyətinin lideri bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə