Kolumbiyanın keçmiş baş kəşfiyyatçısına 25 il cəza kəsildi

Kolumbiyanın keçmiş baş kəşfiyyatçısına 25 il cəza kəsildi
Kolumbiyanın keçmiş kəşfiyyat rəhbəri Xorxe Noquera ölkənin ultrasağçı təşkilatlarının silahlı dəstələri ilə əməkdaşlıqda ittiham edildikdən sonra məhkəmənin qərarı ilə 25 il həbs cəzasına məhkum edilib. SİA Associated Press agentliyinə istinadən bildirir ki, cəzanı Kolumbiyanın ali məhkəməsi təyin edib. Eks kəşfiyyat rəhbəri həmin qruplaşmalara silah və informasiyalar ötürməkdə ittiham olunmaqla yanaşı, həmkarlar təşkilatlarında çalışan solçuların öldürülməsində də günahlandırılıb. Ona qarşı qaldırılmış ittihamların hər biri ələ keçirilmiş kompüterlər, sənədlər vasitəsi ilə öz təsdiqini tapıb. Eləcə də Noqueranın köməkçisi Rafael Qarsiya da bütün olanları öz şahid ifadələrində təsdiq edib.
Xatırladaq ki, Noquera 2007-ci ildə həbs edilmişdi. Onun həbsi ilkin olaraq 2004-cü ildə kollec müəllimi Alferdo Korrea de Andreisin ölümü ilə bağlı olub. Belə ki, kollec müəllimi sağmeyilli silahlı qruplaşmaların qeyri-qanuni fəaliyyətlərini araşdırırdı. Məhz onun məlumatları sayəsində bəlli olmuşdur ki, həmin silahlılar ölkənin ucqar bölgələrində fermerlərin əllərindən torpaqlarını və digər mülkiyyətlərini alırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə