Aclığın son həddi və ya ümidlərin tükəndiyi şəhər - FOTO

Aclığın son həddi və ya ümidlərin tükəndiyi şəhər - FOTO

"Dünyanın heç bir yerində heç bir ölkə, heç bir şəhər yaşamır Somalinin paytaxtı Moqadişunun yaşadığı ağrıları". SİA-nın xəbərinə görə, Türkiyənin "Sabah" qəzetinin yazarı Mətin Yüksel aclığın, yoxsulluğun, səfalətin paytaxtı Moqadişuda gördüklərini qələmə aldığı məqaləsinə bu sözlərlə başlayır. \"Talehsiz və çarəsiz Moqadişu. İnsanlığın \"Çarəsizəm, ölürəm, yox oluram\", deyə hayqırdığı Moqadişu\".

\"Dağılmış, viranə qalmış, xarabalığa çevrilmiş Somalidə 20 ildir davam edən vətəndaş müharibəsi ən çox Moqadişunu taqətdən salıb. Binalar dəlik-deşik, böyük şəhər tərk edilib, sanki unudulub. Ağ rənglə boyanmış evlər belə hüzndən, qorxudan saralıb. Quraqlıqdan və vətəndaş müharibəsindən qaçan minlərlə somalili Moqadişuya sığınmağa çalışır. İnsanların son pənah kimi üz tutduqları Moqadişu səhv ünvandır! Moqadişu bu qədər aç və çarəsiz insanı necə bağrına bassın? Dərmanı olsa öz yarasına sürəcək Moqadişu. Südü olsa öz bağrındakı körpələri doyuzduracaq. Dərmanı olsa aclığın və səfalətin pəncəsindəki minlərlə çarəsizə qol-qanad gərəcək. Buna gücü yoxdur.

Çörək, su, ev-eşik, elektrik, yol, xəstəxana, dərman, məktəb, müəllim, hüzur, rahatlıq, güvən, ədalət, çay, şəkər, şokolad, süd – sadalanların heç biri yoxdur bu şəhərdə, ən dəhşətlisi isə ümidlər tükənib! Sabah inam yoxdur!

Yox! Yox! Yox! Ağılınıza gələn də yox, gəlməyən də yox. Yoxluğun insanlığı bu qədər sıxdığı, qovurduğu, sadə və kiçik şeylərin belə od qiymətinə satıldığı başqa bir ölkə, başqa bir paytaxt görmədim mən Afrikada.

Ağır bir qoxu var Moqadişuda. Çadır düşərgələri ilə əhatə olunan şəhərdə kəskin bir iy hakimdir. İstər səfalətin qoxusu, istər ölümün qoxusu hamısı bir-birinə qarışıb. Adını qoymaq mümkün deyil, amma şəhər iy verir.

Somalililər gündüzləri yol kənarlarında dükanların qarşısında və səki kənarlarında oturur. Görüləcək iş də yoxdur. Başını soxa biləcək bir evi və axşam uşaqlarına bişirə biləcəyi bir az darı, ya da düyüsü olan halına şükr edir.

Bütün xəbərlər Facebook səhifəmizdə