Qorxudan yaranan gülləbaranlar
İqtidardan getmiş liderlərin sonrakı həyatlarından nəticə çıxaran digərləri isə, daha kəskin mövqe tutmağı qərar verirlər. Yəni üsyan etmiş xalqın tələblərinə daha həssaslıqla yanaşmaq yerinə, hakimiyyətin itirilmə qorxusunun təsiri altında xalq kütlələrinin cəsalandırılmasına cəhd göstərdilər, xalqı gülləbarana məruz qoyurlar. Onlar ümid etdilər ki, nə qədər qəddar, qaniçən olsalar, xalq kütləsi onlardan daha çox qorxar və kənara çəkilər. Ələlxüsus da, Liviya və Suriya liderləri Qəddafi və Əsəd kimiləri öz doğma xalqlarına qarşı hədsiz varvarlıq nümunəsiylə diqqət çəkməyə nail oldular. Lakin növbəti hadisələr sərgilədi ki, qaniçənlik və qəddarlıqla iğtidarlarını qoruya biləcəklərini hesab edən ərəb diktatorları olduqca ciddi yanlışlıq etdilər. Tezliklə bəlli oldu ki, onlar nə qədər irəli getsələr ərəb xalqları da bir o qədər inadkarlıqla onlara qarşı çıxır. Həm Liviyada, həm də Suriyada baş verənlər bu faktorun reallığa tamamilə uyğun gəldiyini birmənalı şəkildə təsdiqləməkdədir.
Hazırda diktator Müəmmar Qəddafi Liviyanın arxivə getmiş despotu hesab oluna bilər. Qoca polkovnikin gizlənərək özünün və yaxınlarının gələcək taleyini xilas etmək üçün müxtəlif yollar axtardığı da heç kimə sirr deyil. Sadəcə, Liviya diktatorunun bu cəhdlərinin onun ümidlərinə uyğun nəticələr doğura biləcəyi hələlik müəmmalı xarakter daşıyır. Suriyada 50 ilə yaxın bir müddət ərzində rəhbərlik etmiş Əsəd rejimi də təxminən oxşar taleyi yaşamağa doğru meyllənməkdədir. Belə ki, xalq üsyanlarının ilk günlərində insanları kütləvi şəkildə gülləbaran etdirən avtoritar Əsəd rejimi indi artıq bu qəddarlığını eyni keyfiyyətdə davam etdirməkdə çətinlik çəkir. Çünki bəzi məlumatlara görə, avtoritar rejimin qəddarlığı Suriya hakimiyyəti, xüsusilə də xalqa atəş açmaqla qətliamların əsas aparıcı qüvvəsi olan ordu daxilində də müəyyən narazılığa yol açmaqdadır. Bəzi hakimiyyət mənsubları və hərbçilər xalqa qarşı belə qəddarlığın yaxşı nəticələr verməyəcəyini artıq anlamağa başlayıblar. Hər halda, hakimiyyətin qəddarlığı artdıqca etiraz dalğasının da durmadan gücləndiyi inkaredilməz reallıqdır. Eyni zamanda, beynəlxalq siyasi iradə mərkəzləri də artıq Suriya hakimiyyətini sıxışdırmağa başlayıblar. İndi Suriya hakimiyyətiylə əməkdaşlıq etməyə həvəs göstərən hansısa beynəlxalq qurum və ya dövlət artıq demək olar ki, qalmayıb. ABŞ-ın dövlət katibi Hillari Klinton isə son olaylardan sonra prezident Bəşər Əsədin və onun hakimiyyətinin legetimliyini itirdiyini açıq mətnlə bəyanlayıb. Ardıncasa, ABŞ prezidenti Barak Obama və Avropa Birliyi dövlətlərinin əksər siyasi liderləri Suriya diktatoru Bəşər Əsəddən hakimiyyətdən çəkilməyi tələb ediblər.
İslahatlarla baş aldatmaq Əsədə nə verə bilər?
Suriyada Bəşər Əsəd rejiminin geriyə doğru hesablanan günlərinəm start verilib. Artıq belə anlaşılır ki, prezident B.Əsəd də bu təhlükənin çox yaxınlaşdığını yetərincə hiss etməkdədir. Ona görə də, o, bir qədər yumşalaraq geri çəkilməyə meylli olduğunu sezdirməyə başlayıb. Suriya prezidentinin ölkədə birpartiyalı sistemi ləğv edərək gələn ilin əvvəlləri üçün növbədənkənar parlament seçkilərini vəd etməsi kifayət qədər önəmli məqamdır. Ona görə ki, Əsəd öz hakimiyyətinin gələcək taleyinin məhz Suriyada aparılacaq siyasi və iqtisadi islahatlarla birbaşa bağlı olduğunu anlamamış deyil. Belə ki, islahatların aparılacağı təqdirdə, Əsəd rejiminin öz mövqelərini itirərək siyasi səhnədən çəkilmək məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil. İslahatlardan imtinasa, Suriya diktatorunu həm xalqın qəzəbiylə, həm də beynəlxalq siyasi iradə mərkəzlərinin təzyiqləriylə üz-üzə qoya bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB