Liviya iqtisadiyyatını bərpa etməyə başlayıb

Liviya iqtisadiyyatını bərpa etməyə başlayıb
Yaxın iki həftə ərzində Liviya yenidən neft ixracatına başlaya bilər. Tripolidə ümid edirlər ki, ABŞ və Avropada dondurulmuş hökumət hesabları yenidən bərpa olunmaqla həmin ölkənin istifadəsinə veriləcək. Milli Keçid Şurası (MKŞ) bəyan edib ki, ölkənin bəzi bölgələrində hələ də döyüşlərin getməsinə baxmayaraq iqtisadiyyatı ayağa qaldırmaq üçün əməli fəaliyyətə keçilib.
MKŞ artıq öz yeni mənzil qərargahına köçüb. Vesti.ru-nun məlumatına görə, artıq paytaxt Tripoliyə müdafiə nazirliyi, Daxili işlər nazirliyi, Səhiyyə nazirliyi strukturunda çalışan şəxslər köçərək fəaliyyətə başlayıblar. MKŞ-nin neft və maliyyə üzrə rəsmi nümayəndəsi Əli Tərxun artıq Liviyanın əsas eksport məhsulu olan neft emalına başladığını bəyan edib. O bildirib ki, hadisələr başlanandan bəri neft istehsalındakı rəqəmlər bir milyon yarım barreldən yüz min barrelə qədər düşüb. Eyni zamanda qeyd olunub ki, bu infrastrukturun vəziyyəti gözləniləndən də yaxşı qalıb. Onun sözlərinə görə, dağıntılar cəmi 10 faizi təşkil edir. İki həftə ərzində neft emalı və eksportu sutkada 500-600 min barrelə qədər yüksələcək.
ABŞ rəhbərliyi isə qərara gəlib ki, MKŞ-ya yardım məqsədilə Müəmmar Qəddafinin dondurulmuş hesabından 1,5 milyard dollar yardım etsin. Lakin bu qədər miqdarın Liviyanın vətəndaş müharibəsindən sonrakı bərpasına əlbəttə ki, yetməyəcəyi bildirilir.
Bu ərəfədə isə paytaxt Tripolidə talançıların hökmranlıq etdiyi barədə məlumatlar yayılmaqdadır. Artıq xəbər verildiyi kimi, istər Qəddafinin istərsə də digər hökumət nümayəndələrinin iqamətgahları və mülkləri talan edilir. Dükan və hökumət strukturlarına aid olan bütün bahalı əşyalar zəbt olunur.MKŞ-nin rəhbəri Mustafa Əbdül Cəlil isə bəyan edib ki, əgər bu olaylara son qoyulmasa, istefaya gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə