Yaponiyada ortalıq qarışıb

Yaponiyada keçən il baş nazir postuna gələn Naoto Kan tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

SİA-nın xəbərinə görə, ölkənin nüfuzlu Jiji agentliyi Kanın Yaponiya Demokrat Partiyasının sədrliyindən də istefa verdiyi xəbərini yayıb.

2010-cu ilin iyun ayında baş nazir seçilən 64 yaşlı Kan zəlzələ və sunami fəlakətinin səbəb olduğu böhranın aradan qaldırılması ilə əlaqədar kifayət qədər fəallıq göstərmədiyi iddiaları ilə müxalifət, eləcə də təmsil olunduğu partiya tərəfindən aylardır tənqid atəşinə tutulurdu.

Haqqında etibarsızlıq təklifinin verildiyi Naoto Kan iyunda verdiyi açıqlamada 11 martdakı zəlzələ və sunami fəlakəti nəticəsində ortaya çıxan problemləri, daha sonra yaranan nüvə böhranını həll etdikdən sonra istefa verəcəyini bəyan etmişdi.

Yaponiyada 24 mindən çox adamın öldüyü və ya itkin düşdüyü zəlzələ və sunaminin Fukuşima atom stansiyasına vurduğu ziyan dünyanın Çernobıldan sonra ən böyük nüvə böhranı ilə qarşı-qarşıya qalmasına səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə