YUNESKO Liviyanın mədəni irsini talançılıqdan qorumağa çalışır

YUNESKO Liviyanın mədəni irsini talançılıqdan qorumağa çalışır

YUNESKO-nun baş direktoru İrina Bokova Liviyanın mədəni irsini talançılıqdan, oğurluqdan və dəyərlərin qeyri-qanuni dövriyyəsindən qorumağa çağırıb. SİA-nın verdiyi məlumata görə, baş direktor deyib: "Mən Liviya xalqını, qonşu dövlətlərin vətəndaşlarını və incəsənət əsərlərinin, əntiq əşyaların beynəlxalq ticarətinə aidiyyəti olan hamını Liviyanın misilsiz mədəni irsini qorumaq üçün əllərindən gələni əsirgəməməyə çağırıram".

YUNESKO-nun başçısı qeyd edib ki, "milli irs vətəndaşların özgürlüyünü və ləyaqət hissini qoruyub saxlaya bilməsi, öz müxtəlifliyindən və tarixindən faydalanması, özünə daha yaxşı gələcək qura bilməsi üçün çox əhəmiyyətlidir".

Bokova bildirib: "Belə mənşəli əşyaları və onların fraqmentlərini satın alan laqeyd vasitəçilər əslində gələcək talançılığa səbəb olurlar. Buna görə də hazırda qədim abidələrin beynəlxalq ticarətinin Liviyadakı obyektlərə qarşı xüsusi sayıqlıq göstərməsi çox vacibdir".

O, təşkilata daxil olmuş məlumata görə, Liviya ərazisində ümumdünya irsi olan beş abidədən bir neçəsinə vurulmuş ziyanın qiymətləndirilməsində və mümkün olan kimi bu abidələrin təhlükəsizliyinin təmin edilməsi planlarının hazırlanmasında Liviya hökumətinə YUNESKO-nun köməyini təklif edib.

Liviyada Kirena, Leptis-Maqna və Sabrata arxeoloji abidələrin, Qadamesdəki qədim şəhər və Tadrart-Akakus dağlarındakı qayaüstü rəsmlər YUNESKO-nun himayəsi altındadır.



Bütün xəbərlər Facebook səhifəmizdə