PKK Türkiyənin tam hədəfində

Türkiyədə baş verən son terror aktları ilə bağlı təcili Milli Təhlükəsizlik Şurası toplantısı keçirilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Çankaya Köşkündə prezident Abdullah Gülün sədrliyi ilə keçirilən toplantı 4,5 saat davam edib. İclasda həmçinin Baş qərargah rəisi, ordu generalı Necdet Özel, baş nazirin müavini Bəkir Bozdağ, daxili işlər naziri İdris Naim Şahin və milli müdafiə naziri İsmet Yılmaz, Quru qoşunları komandanı ordu generalı Hayri Kıvrıkoğlu, Dəniz qoşunları komandanı admiral Murat Bilgel, Hava qoşunları komandanı general-polkovnik Mehmet Erten və Jandarma baş komandanı ordu generalı Bekir Kalyoncu da iştirak ediblər.


Qapalı keçirilən Milli Təhlükəsizlik Şurası toplantısına media nümayəndələri buraxılmasa da qurum toplantı ilə bağlı məlumat yaymaqla kifayətlənib. Məlumatda deyilir: "PKK terror təşkilatının insanlığa sığmayan aksiyalarına bu günədək və bundan sonra da ən sərt formada cavab veriləcək. Eyni zamanda terrora dərin və effektli təsir demokratiyadan və hüquq dövləti anlayışından heç cür kənara çıxmadan davam etdiriləcək. Bütün bu həyata keçiriləcək əməliyyatlar Türkiyə vətəndaşlarının gündəlik həyatını çətinləşdirəcək heç bir vəziyyətə yol verilməyəcək və dövlətin bütün qurum və təşkilatlarının səyləri və koordinasiyası ilə daha təsirli mübarizə strategiyasını həyata keçirəcək".

Mətbuat üçün məlumatda həmçinin Suriyada baş verən son hadisələrə də toxunulub: "Türkiyə Suriyada 5 aydır davam edən hadisələrdə insan ölümü sayının artmasından çox narahatdır. Eyni zamanda iclasda müzakirələr zamanı mülki vətəndaşlara qarşı şiddət və güc tətbiqinin dərhal dayandırılması, dost və qardaş Suriya xalqının haqlı tələblərinə uyğun demokratik bir siyasi dəyişiklik və dəyişikliyin bilinən bir müddət ərzində həyata keçirilməsi vurğulanıb".

Türkiyədə isə gərginlik davam edir. Belə ki, son verilən xəbərə görə,
Tunceli şəhərində asayiş qoruyucuları ilə Kürd Fəhlə Partiyasının (PKK) terrorçuları arasında silahlı toqquşmalar başlayıb. Belə ki, polis terrorçuların polis məntəqəsinə hücum etmək barədə planlarını ifşa edib və onların ələ keçirilməsi ilə bağlı əməliyyat aparır. Təcili olaraq polisə kömək etmək üçün iki hərbi vertolyot göndərilib. Aparılan əməliyyatlar zamanı dörd PKK terrorçusunun öldürüldüyü bildirilir.

Bundan əlavə hərbiçilər ölkənin cənub-şərqində, İraqın şimalında kürd terrorçularının bazalarına iki dəfə raket bomba zərbələri endirib.

Bütün xəbərlər Facebook səhifəmizdə