İtaliya qısa müddət ərzində ikinci islahat paketini qəbul edib

İtaliya qısa müddət ərzində ikinci islahat paketini qəbul edib

İtaliya iqtisadiyyatındakı çətin durum Berluskoni hökumətini 45 milyard avro həcmində növbəti maliyyə islahatı paketini qəbul etməyə məcbur edib. SİA-nın məlumatına görə, hələ iyul ayında İtaliya hökuməti 70 milyard avro həcmində islahat paketi qəbul etsə də ölkədə iqtisadi və maliyyə böhranının dərinləşməsi hökumətə qısa müddətdə növbəti paketi qəbul etməyə vadar edib.

Nazirlər Kabinetinin qəbul etdiyi islahat paketi müxalifət partiyaları ilə yanaşı, regional hökumətlərin təmsilçilərinin də sərt müqavimətinə tuş gəlib.
Avropa Mərkəzi Bankının tövsiyəsi əsasında qəbul edilmiş islahat paketinə əsasən, 2012-ci ildə büdcə xərclərindən 20 milyard, 2013-cü ildə isə 25 milyard avroya qənaət edilməlidir.
İslahat paketində kommunal xidmətlər sektorunun liberallaşdırılması, təqaüd yaşının artırılması, büdcədən maliyyələşən idarə və müəssisələrdə əməkhaqqının aşağı salınması, gəlir vergisinin yüksəldilməsi, bəzi əyalət və regionların birləşdirilməsi yolu ilə büdcə vəsaitlərinə qənaət edilməsi nəzərdə tutulur.
Hökumətin planlarına görə, əhalisi 300 min nəfərdən aşağı olan əyalətlər və 1000 nəfərdən aşağı olan bələdiyyələr ləğv edilməli olacaqdır. İnzibati islahat nəticəsində İtaliyada hazırkı 109 əyalətdən təxminən 30-u, 8094 bələdiyyədən isə 1500-ü digər inzibati vahidlərə tabe ediləcək. Bu barədə yekun qərar 2012-ci ildə keçirilməsi planlaşdırılan ümumxalq səsverməsində qəbul ediləcək.
Xatırladaq ki, İtaliyanın büdcə kəsirləri ümumi daxili məhsulun (ÜDM) 120 faizinə bərabərdir və bununla da Avropada öncül yerlərdən birini tutur. Ona görə də Avropada Almaniya və Fransadan sonra ən böyük xalq təsərrüfatına və iqtisadi gücə malik olan İtaliyada hökumət dövlət müflisləşməsinin qarşısını almaq üçün ciddi qabaqlayıcı addımlar atmaq məcburiyyətində qal
ıb.

Bütün xəbərlər Facebook səhifəmizdə