Dünən Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının təşəbbüsü ilə rayonun Şüvəlan qəsəbəsinin məscidində iftar süfrəsi təşkil edilib. İftar süfrəsində müsəlmanlara xas olan süfrə açılmış, qəsəbənin və qəsəbə ətrafının sakinləri bu tədbirə dəvət ediliblər. Sakinlər Uca Allah yolunda açılmış iftar süfrəsinə qatılaraq, öz müsəlmanlıq borclarını yerinə yetiriblər. Onu da qeyd edək ki, iftar süfrəsində yalnız müsəlmanlar deyil, həmçinin, digər dinlərdən olan vətəndaşlar da qatılıb. Bu isə onun bariz göstəricisidir ki, ölkəmizdə müxtəlif dinlərdən və məzhəblərdən olan hər bir Azərbaycan vətəndaşı mütləq tolerantlıqla yaşamaqla, öz dini funksiyalarını yerinə yetirirlər. Həmçinin, xristianlığından, müsəlmanlığından, eləcə də, yəhudiliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı dini müxtəliflik müstəvisində qarşılıqlı hörmət bəsləməklə, bu tolerantlığı inkişaf etdirir, onu yayırlar. Təbii ki, bütün bu önəmli hadisələr ölkədə aparılan çoxşaxəli nəhəng və irimiqyaslı siyasətin məntiqi və uğurlu nəticəsidir.
İftar
süfrəsində sadə vətəndaşlarla yanaşı, Yeni Azərbaycan Partiyasının İcra
katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Milli Məclisin deputatları
Rauf Əliyev, Malik Həsənov, eləcə də, YAP Xəzər rayon təşkilatının sədri Namiq
Əhmədov və digər partiya fəalları iştirak ediblər. İftar süfrəsi açılmamışdan
öncə, müsəlman dünyasının müqəddəs kitabı olan Quran ayələrindən surələr oxunub, dualar edilib. Sonra iftarlarını açan qəsəbə sakinləri
və qonaqlar Ramazan ayının fəzilətləri barədə söhbətlər aparıb, bu ayın insanlar üçün nə qədər xeyirxah
ay olduğunu bildiriblər.
İftar süfrəsində iştirak edən millət vəkilləri də əhali ilə bu və digər
mövzularda söhbətlər aparıb,
onları maraqlandıran suallara cavab veriblər. İftar süfrəsi Şüvəlan məscidinin
dini nümayəndələri tərəfindən müqəddəs Quran avazları ilə başa çatdırılıb.
Dünya müsəlmanlarının xüsusi olaraq, qeyd etdiyi Ramazan ayı müqəddəsliyi ilə bərabər, həm də insanları haqqa-ədalətə və birliyə çağıran ay kimi qəbul edilməkdədir. Bu ayda hər bir mömin şəxs öz nəfsini, iradəsini, əqidəsini yoxlamaqla bərabər, yalnız xeyirxahlıq əməlinə uyğun olaraq, addımlar atır. Eyni zamanda, Ucu Allaha olan sevgisini, məhəbbətini izhar edir. Səhərdən gün batana qədər yeməksiz və susuz keçirən müsəlmanlar bu vasitə ilə bəşəriyyətə məxsus olan bütün müsbət cəhətləri özlərində canlandırmağa səy göstərirlər. Eləcə də, bu müqəddəs ayda hər bir insan qonşusuna, hətta tanımadığı belə insana xeyirxah əməli ilə yaxşılıq etməklə, Uca Allah qarşısında öz insanlıq borcunu yerinə yetirmiş olur.
R.NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB