Çin zəmanət verib
\"Heç bir ölkəyə təhdid yaratmaq niyyətində deyilik\". SİA-nın məlumatına görə, bu sözləri Çinin müdafiə naziri general Lianq Guanqli Sinqapurda təşkil edilən təhlükəsizlik konfransında açıqlaması zamanı deyib.
O bildirib ki, ölkənin ordu sisteminin modernləşdirilməsi ilə bağlı dünya ölkələrinin keçirdiyi nigarançılıq əsassızdır: \"Xalq Qurtuluş Ordusunu müasirləşdiririk. Çində iqtisadi vəziyyətin yaxşılaşmasından ölkəmizin xeyrinə ola biləcək ən düzgün formada istifadə etməyə çalışırıq. Bir sıra ölkələr isə bundan nigarançılıq keçirir. Belə ki, Çinin güclənən iqtisadiyyatının ordu sisteminin inkişafındakı rolu onları ciddi narahat edir. Çinə hərbi təhdid kimi yanaşırlar. Lakin bütün bunların əsassız fikirlər olduğunu diqqətə çatdırmaq istəyirəm. Bütün ölkələr bu barədə rahat ola bilərlər. Çünki belə bir hədəfimiz və ya niyyətimiz yoxdur. Sadəcə ordu sistemində ehtiyac olan bir sıra dəyişiklikləri həyata keçirməyin vaxtı çatıb. Bugün də ölkədəki inkişaf buna şərait yaradır. Biz də bu şəraitdən yararlanırıq. Eyni zamanda, bu addım ölkədaxili təhlükəsizliyin qorunmasını da ciddiləşdirməyimizə kömək edəcək. Amma, nə hansısa ölkəyə hücuma hazırlaşırıq, nə də hərbi sahədə rəqiblik yürütmək düşüncəsində deyilik\".

Xatırladaq ki, bu il Çində müdafiə sahəsindəki xərclər 12,7 faiz artırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə