İsveçdə Yeni il şənliklərini ləğv edən yüzlərlə insan Fələstinə dəstək aksiyası keçirib.
SİA xarici xəbər saytlarına istinadən məlumat verir ki, İsveçin paytaxtı Stokholmda Qəzza xalqı ilə həmrəylik məqsədilə Yeni il qeyd etmələrini ləğv edən yüzlərlə şəxs Fələstinə dəstək nümayişi üçün bir araya gəlib.
Ölkədə fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatlarının çağırışı ilə soyuq havaya baxmayaraq Segels Torg meydanında toplaşan aksiya iştirakçıları Yeni ili qeyd etmək əvəzinə İsrail tərəfindən öldürülən uşaqların və mülki şəxslərin xatirəsini yad ediblər.
Üzərində “Qəzzada uşaqlar öldürülür”, “Məktəblər və xəstəxanalar bombalanır”, “Dərhal atəşkəs təmin edilsin” və “Ərzaq qıtlığına son verilsin” yazılmış plakatlar daşıyan nümayişçilər İsrailin Qəzzaya qarşı həyata keçirdiyi soyqırımın dayandırılmasını və İsveçin İsrailə silah satışını dayandırmasını tələb ediblər.
Aksiya zamanı qrup adından səsləndirilən bəyanatda bildirilib: “Yeni ildə Fələstində baş verən kütləvi ölümləri, mühasirələri və bu hadisələrə səssiz qalınmasını rədd edirik. Ədalətsizliyə göz yumaraq yeni bir ilə başlamağı qəbul etmirik.”
Bəyanatda İsrailin Fələstinlə bağlı bağladığı sülh razılaşmalarına əməl etmədiyi vurğulanaraq qeyd olunub: “Dünya yeni ilə daxil olarkən Fələstində soyqırım davam edir. Atəşkəsə baxmayaraq fələstinlilər öldürülür, mühasirə davam edir və insanlar sığınacaqsız şəkildə çadırlarda qalaraq soyuqdan həyatını itirir.”
Fələstin bayraqları və məşəllər daşıyan nümayişçilər daha sonra İsveç Parlamentinə doğru yürüş ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB