Rusiya İstintaq Komitəsi Kursk və Bryansk vilayətlərində körpülərin partladıldığını təsdiqləyib

Rusiya İstintaq Komitəsi Kursk və Bryansk vilayətlərində körpülərin partlayış nəticəsində dağılmasını təsdiqləyib. Hər iki fakt üzrə cinayət işlərinin aparılması qurumun Baş İstintaq İdarəsinə həvalə edilib. SİA xəbər verir ki, iyunun 1-də Kursk vilayətinin Jeleznoqorsk rayonunda dəmir yolu körpüsünün dayağı partladılıb. Hadisə nəticəsində yük qatarının teplovozu və üç boş vaqonu relsdən çıxaraq avtomobil yoluna aşıb. Təxminən 15 kvadratmetr sahədə yanğın baş verib. Maşinist və iki köməkçisi xəsarət alıb.

Bundan bir gün əvvəl isə Bryansk vilayətində dəmir yolu körpüsünün dayağı partladılıb və nəticədə avtomobil körpüsü sərnişin qatarının üzərinə çöküb. Hadisə zamanı 7 nəfər həlak olub, 69 nəfər xəsarət alıb, onlardan 3-ü uşaqdır.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, Bryansk və Kursk vilayətlərində baş verən hadisələrlə bağlı cinayət işləri Baş İstintaq İdarəsinə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə