Myanmada martın 28-də baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Myanmanın Dövlət İdarə Şurası məlumat yayıb. Təbii fəlakət nəticəsində 3408 nəfər xəsarət alıb, 139 nəfər isə itkin hesab olunur. Dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, martın 28-də yerli vaxtla saat 12:10-da Myanmada 7,7 bal gücündə zəlzələ olub. Zəlzələdən sonra 2,8-7,5 aralığında 12 afterşok qeydə alınıb. Yeraltı təkan paytaxt Naypyida şəhəri və Mandalay regionunda xeyli dağıntıya səbəb olub. Bəzi yaşayış məntəqələrində elektrik təchizatı və mobil rabitə sistemi pozulub. Paytaxt ilə ölkənin ən böyük şəhərini birləşdirən magistral yola, xüsusən də körpülərə və yol ötürücülərinə ziyan dəyib. Nəticədə yolun müəyyən hissəsindən istifadə etmək mümkün deyil.
Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aunq Hlainq yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də dünya ictimaiyyətini Myanmaya dəstək olmağa çağırıb. Artıq qonşu ölkələrdən dəstək gəlməyə başlayıb. Çinin 120 nəfərlik xilasedici qrupu Myanmaya ezam olunub. Bundan başqa, Çin humanitar yardım da göndərib. Sinqapur xilasetmə və axtarış işləri üçün 80 nəfər, Malayziya 50 nəfər mülki müdafiə işçisi göndərib. Yeni Zelandiya Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə 2 milyon Yeni Zelandiya dolları (təxminən 1,14 milyon ABŞ dolları) ianə edib. Hindistan isə 15 ton humanitar yardım göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə