Yeni Zelandiyada yerli sakinlərin ulu əcdadları hesab etdikləri dağa şəxsiyyət statusu verilib. Bu, yeni qanunla dağa, insana məxsus bütün hüquq və vəzifələr verildikdən sonra mümkün olub.
SİA-nın məlumatına görə, bu barədə xarici saytlar xəbər verir.
Tarabaki Maunqa adı ilə tanınan Taranaki dağı Yeni Zelandiyada şəxsiyyət statusu alan sonuncu təbii obyekt olub. Bundan əvvəl çay və müqəddəs torpaq sahəsi insan kimi artıq qəbul olunub. Qarla örtülmüş yatmış vulkan Yeni Zelandiyanın Şimal adasında hündürlüyünə görə (2518 metr) ikinci yerdədir, turizm, piyada gəzinti və qış idman növləri ilə məşğul olmaq üçün tanınmış məkandır.
Yeni qanunla Taranaki Maunqa insana məxsus bütün hüquq, səlahiyyət, vəzifə, məsuliyyət və öhdəliklərə sahibdir. Onun hüquqi şəxsiyyətinin adı “Te Kaxui Tupua”dır. Qanun onu “canlı və bölünməz varlıq” kimi dəyərləndirir və Taranaki, “bütün fiziki və metafiziki elementləri də daxil olmaqla” onun ətraf zirvə və ərazilərini əhatə edir.
Qanuna görə, dağın “üzü və səsi” yerli maori tayfalarından seçilmiş dörd nəfər və ölkənin təbiəti mühafizə naziri tərəfindən təyin edilən dörd nəfərin daxil olacağı yeni yaradılmış təşkilat olacaq.
Bundan başqa, ilk dəfə olaraq Yeni Zelandiyanın coğrafi obyektinin adı müstəmləkə dövründə adlanan Eqmont dağı deyil, yalnız maori dilində olacaq. Həmçinin ətraf zirvə və təbii obyektlərin də öz orijinal maori adları bərpa ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə