Putinə sual: Rusiya özünü Çinin kiçik qardaşı kimi hiss edirmi?

Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirmək, xüsusən də Rusiya iqtisadiyyatına birbaşa investisiya qoymaq istəyənlər üçün böyük problemlər yaradır?
Putinə sual: Rusiya özünü Çinin kiçik qardaşı kimi hiss edirmi?

...Bizlərdə belə olan məqamlarda gərək ki, “əcəbmiş” deyirlər də...

Deməli, o gün, Moskvada keçirilən BRİKS Biznes Forumunda Vladimir Putin, Rusiyanın digər ölkələrlə işgüzar əməkdaşlığa mümkün qədər açıq olduğunu deyib.

...Gərək ki, yenə də bizlərdə “bəziləri” bu yerdə, “nə gözəl, nə gözəl...” deyirlər..?

...Amma,.. gəlin əvvəla ondan başlayaq ki, son günlər Rusiya Dövlət Duması bir sıra repressiv qanun layihələrini, o cümlədən “uşaqsız təbliğatın” qadağanını birinci oxunuşda təsdiqləyib. Təbii ki, Rusiya rəsmiləri aşağı olan doğum nisbətinin artırılmasının tərəfdarıdırlar.

Bu başa düşüləndir, bu gün Putinə müharibə üçün insanlar lazımdır, amma bununla belə o, heç kimi müharibədən xilas etmək fikrində deyil.

...Və bu arada məlum olub ki, Kursk hökuməti işləyən əhalinin bölgədən axınının qarşısını almaq üçün Sudjadan qaçqın düşənlərin mənzil pullarını (...bizlərdə gərək ki, buna “kirə pulu” deyirlər –A.B.) ödəməkdən imtina edib.

Maraqlıdır, işgüzar əməkdaşlıq...miqrantlara da şamil edilirmi? Əgər belədirsə, Rusiyada miqrantlar üçün qanunlar niyə bu qədər sərtləşir?

Məsələn, SİA-nın da əldə etdiyi məlumata görə, Dövlət Duması birinci oxunuşda qanunsuz miqrasiya ilə mübarizəyə yönəlmiş düzəlişlər paketindən iki qanun layihəsini qəbul edib.

...Gərək ki, yadınızda olar, keçən il Sankt-Peterburqda keçirilən forumda Putin Ukraynanın Qərb raketlər alacağı təqdirdə Rusiyanın nə edəcəyini demişdi. Daha sonra o, dünyanı Rusiyanın nüvə doktrinası ilə hədələdi.

Bəs onda görən, bu il nə deyir?

Qeyd edək ki, bu ilki forumda da Putinə Ukraynanın NATO-ya mümkün dəvəti ilə bağlı da suallar verilib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Zelenski beş bənddən ibarət strateji plan təklif edib ki, bu bəndlərdən biri də Ukraynanın NATO-ya erkən daxil olması ilə bağlıdır.

...Hə, deməli, burada Vladimir Putin Ukraynanın NATO-ya mümkün qəbulu ilə bağlı sualı cavablandırarkən 2024-cü ilin iyununda XİN-in kollegiya iclasında dediklərini sadəcə olaraq təkrarlayıb və müharibəni dayandırmaq üçün dörd şərt irəli sürüb.

Putinin bu planının bəndlərindən biri müharibə yalnız Krım və iki il əvvəl ilhaq edilmiş Ukraynanın dörd bölgəsi qalanda başa çata bilər. Təbii ki, Rusiyanın bir hissəsi kumi...Üstəlik, Putinin planına görə, bu, beynəlxalq müqavilələrlə təmin edilməli və üstəlik, Ukrayna NATO üzvlüyündən imtina etməlidir.

...Yaxşı, qayıdaq BRİKS Biznes Forumunda Putinə ünvanlanan başqa suallara...

Görən, nə üçün Rusiyanın bütün qonşuları BRİKS-ə qoşulmağa tələsmirlər, baxmayaraq ki, Putin onu fəal şəkildə təbliğ edir? Niyə Qazaxıstan hökuməti Rusiyanın BRİKS-ə qəbulla bağlı təklifindən imtina elədi?

...Forumda maraqlı məqamlardan biri də, “dost ölkələr”dən olan bir jurnalistin Putindən Rusiyanın özünü Çinin kiçik qardaşı kimi hiss etməsi ilə sorğusudur.

Buna Putin cavab verdi ki, onlar Çinlə bərabər şərtlərlə ticarət edir və işləyirlər.

...İddialara görə, BRİKS-i bir növ anti-Qərb iqtisadi və siyasi blok kimi inkişaf etdirmək cəhdləri Çinin BRICS daxilində təsirinin güclənməsinə gətirib çıxarır.

Dollardan imtina məsələsini qaldırsaq, bu, yuanın tez bir zamanda ehtiyat valyutaya çevrilməsinə gətirib çıxarır. Bu isə BRİKS daxilində heç kimə yaraşmır və hər kəs dolların əsas ehtiyat valyutası olaraq qaldığı qlobal iqtisadiyyatın daxilində qalmaq istəyir. (...qeyd edək ki, SİA bu barədə dünən yazmışdı-A.B.)

...Gərək ki, yazının yuxarısında Putin Rusiyanın digər ölkələrlə işgüzar əməkdaşlığa mümkün qədər açıq oıduğunu deyib, döst ölkələri işgüzar əməkdaşlığa dəvət etmişdi.

Yenə də maraqlıdır, əgər Putinin BRICS tərəfdaşları Rusiya qanunlarının necə işlədiyini, yəni Rusiyada son zamanlar hansı qanunların meydana çıxdığını araşdırsalar, pullarını Rusiyaya yatırmağa gələcəklərmi?

...Mütəxəssis iddialarına görə, bütün bu qanun layihələri dəhşətlidir, Rusiya cəmiyyətini şikəst edir və həm təhsil proseslərinə, həm də biznesə mənfi təsir göstərir və göstərəcək.

BRİKS ölkələrinə gəlincə isə onlar üçün əsas problem Rusiyanın daxili qanunvericiliyi, Kremlin təkcə sanksiyalar altında olması deyil, həm də Şimali Koreya və İranla strateji əməkdaşlığını israrla inkişaf etdirməsidir.

Məsələ bundadır ki, ikinci dərəcəli sanksiyalar da genişlənir və bu, Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirmək, xüsusən də Rusiya iqtisadiyyatına birbaşa investisiya qoymaq istəyənlər üçün böyük problemlər yaradır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə