...Rusiyanın İstintaq Komitəsi və hərbi polis Sankt-Peterburqdakı “Senni” bazarında və “Apraksin dvor”da reyd, yəni ruslar demiş “oblava” keçirib.
Və SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “oblava” zamanı 150-dən çox kişi saxlanılaraq hərbi komissarlığa göndərilib.
...İstintaq Komitəsi iddia edir ki, saxlanılan şəxslərlə “mədəni şəkildə izahat işi” aparıldıqdan sonra, onların ən azı 100 nəfəri müqavilə ilə hərbi xidmətə yazılmaq arzusunu bildiriblər.
Onlar artıq tibbi müayinədən keçməyə başlayıblar.
...Amma Rusiya vətəndaşlığına qəbul edilmiş reyd qurbanlarından biri hərbi qeydiyyata düşməkdən imtina edib və buna görə də onun Rusiya Federasiyasının vətəndaşlığından məhrum edilməsi üçün tədbirlər görülüb.
Bu, humanist İstintaq Komitəsinin bəyanatında deyilir.
Qeyd edilməlidir ki, oxşar reydlər mütəmadi olaraq Rusiyanın əksər regionlarında da keçirilir.
Və ən böyük reyd barədə İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə İdarəsi məlumat verib. Belə ki, sentyabrın 16-da Krasnoyarsk bazarlarında 520 nəfər saxlanılıb, 417 əcnəbinin hərbi qeydiyyatı yoxlanılıb. Və sonda 92 nəfər hərbi komissarlığa çağırış vərəqəsi alıb.
...Avqust ayında Moskvada analoji reyddən sonra Rusiya vətəndaşlığını qəbul etmiş onlarla əcnəbiyə hərbi komissarlığa çağırış vərəqələri verilib.
Bundan əvvəl Moskva vilayətindəki “Wildberries” anbarlarında, restoranlarda və məscidlərdə reydlər keçirilib. Yeri gəlmişkən, avqust ayından etibarən Rusiyada Rusiya vətəndaşlığını aldıqdan sonra məcburi hərbi qeydiyyat haqqında qanun var.
Belə ki, bu qanunun tələblərinə əməl etməyən Rusiya vətəndaşlığı qəbul etmiş əcnəbi o dəqiqə vətəndaşlıqdan məhrum edilə bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə