Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Çinin xarici ticarət qovşağı Quancou şəhərində ölkənin ən böyük ticarət sərgisi olan 135-ci Çin idxal və ixrac sərgi-yarmarkanın (Kanton sərgisi) yaz sessiyası işə başlayıb.

SİA xəbər verir ki, 680-ni əcnəbi olmaqla ümumilikdə 30 minə yaxın şirkətin qatıldığı sərgi mayın 5-dək davam edəcək. Onlardan 4300-ü ilk dəfə Kanton sərgisində məhsullarını nümayiş etdirəcək. Ümumi ekspozisiya sahəsi 1,55 milyon kvadratmetr olan sərgi-yarmarkada təxminən 200 ölkədən 145 min alıcı qeydiyyatdan keçib. Üç mərhələdən ibarət sərgidə 1 milyondan çox yeni məhsul nümayiş olunacaq.

Qeyd edək ki, 1957-ci ildən bəri ildə iki dəfə keçirilən Kanton sərgisi Çinin xarici ticarətinin barometri sayılır. Kanton sərgisi ziyarətçilərin və iştirakçı şirkətlərin, ticarət sövdələşmələrinin və nümayiş olunan məhsulların növ sayına görə dünyada ən böyük ticarət sərgi-yarmarkalarından biri hesab olunur. Sərgi Çinin Kommersiya Nazirliyinin və Quandon vilayəti hökumətinin birgə təşkilatçılığı ilə ildə iki dəfə - yazda və payızda keçirilir.

Çin ixracın ümumi dəyərinə görə dünyada birinci, idxalın dəyərinə görə isə ABŞ-dan sonra ikinci yerdədir. Dünya Bankının məlumatına əsasən ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə dünyada ikinci olan Çinin iqtisadiyyatının qlobal iqtisadiyyata təsiri olduqca böyükdür. Təsadüfi deyil ki, bir sıra təhlil mərkəzlərinin dünya iqtisadiyyatı ilə bağlı proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır.

Bütün xəbərlər Facebook səhifəmizdə