Kolumbiya İsrailin ərzaq gözləyən fələstinlilərə atəş açmasını pisləyir

Kolumbiya İsrail əsgərlərinin Qəzzada ərzağın gəlib çatmasını gözləyən mülki şəxslərə atəş açmasını "ən güclü" qınadığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kolumbiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu barədə deyilib: "Kolumbiya İsrail qüvvələrinin Qəzza zolağının şimalında humanitar yardım və ərzaq gözləyən fələstinli mülki şəxsləri heç bir fərq qoymadan atəşə tutmasını ən sərt şəkildə qınayır".

Açıqlamada 112 nəfərin həyatını itirdiyi, 760 nəfərin yaralandığı hücuma diqqət çəkilərək, İsraildən beynəlxalq humanitar hüquqa hörmət etməsi və beynəlxalq öhdəliklərini yerinə yetirməsi istənilib. Bəyanatda İsrailin Beynəlxalq Ədalət Məhkəməsinin tələb etdiyi "müvəqqəti" tədbirlərə əməl etməli olduğu vurğulanaraq bildirilib: "Qəzzada sağlamlıq böhranı fəlakətli həddə çatıb. Mülki vətəndaşlar qorunmalı və humanitar yardımlara çıxış təmin edilməlidir".

Bəyanatda Kolumbiya hökumətinin Qəzzada baş verənləri yaxından izləməyə davam edəcəyi və beynəlxalq ictimaiyyətin dəstəyi ilə “təcili” atəşkəsin yaradılmasının vacibliyi vurğulanıb.

Dünən İsrail ordusu Qəzza şəhərinin cənubunda, Rəşid küçəsində Qəzza zolağının şimaldan cənuba birləşdirən Nablusi qovşağında humanitar yardım gözləyən fələstinliləri bombalayıb atəşə tutub. Hücum nəticəsində 112 fələstinli ölüb, 760 fələstinli yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə