Avropa İttifaqı ölkələri Kiyevə yardımı davam etdirməlidir...

ABŞ Ukraynaya əvvəlkindən daha az kömək etsə belə...
Avropa İttifaqı ölkələri Kiyevə yardımı davam etdirməlidir...

...Fransa prezidenti Emmanuel Makrona görə, ABŞ Ukraynaya əvvəlkindən daha az kömək etsə belə, Avropa İttifaqı ölkələri Kiyevə davamlı olaraq yardım göstərməyə davam etməlidirlər.

SİA-nın əldə etdiyi məlumata görə, Makron bu barədə yanvarın 30-da İsveçin baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında bildirib.

Fransa prezidenti qeyd edib ki, Avropa Rusiyanı məğlub etməyə kömək etmək üçün Ukrayna ilə çiyin-çiyinə dayanmalıdır. Makronun fikrincə, Avropa İttifaqı yardımı iqtisadi, hərbi, həmçinin Ukrayna ordusunun təliminə yardım şəklində olmalıdır.

Bununla yanaşı, Makron Rusiyanın Ukrayna ərazisinə raket zərbələri endirməkdə davam etdiyini qeyd edərək, Avropa liderlərini Ukraynaya yardımı sürətləndirmək üçün yol tapmağa çağırıb.

Qeyd edək ki, bundan əvvəl Fransanın müdafiə naziri Sebastien Lecornu və ölkənin digər nümayəndələri Fransanın Kiyevə yardımının yeni mərhələlərini - xüsusən də ayda 50 AASM bombası, daha iki reaktiv yaylım atəşi sistemi və əlavə miqdarda artilleriya mərmilərinin tədarükü barədə məlumat vermişdilər.

Yeri gəlmişkən, fevralın 1-də Brüsseldə Avropa İttifaqının Ukraynaya yardıma həsr olunmuş sammitinin keçirilməsi planlaşdırılır. Bu arada ABŞ-da dəyəri 60 milyard dollardan çox olan yeni yardım paketinin ayrılması məsələsi hələ də həll olunmayıb.Konqresdəki respublikaçılar onun təsdiqinə mane olurlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə