“Sibirin gücü-2”-nin tikintisi təxirə salına bilər

Rusiya və Çin hələ də infrastruktur layihəsinin əsas detalları barədə razılığa gəlməyiblər
“Sibirin gücü-2”-nin tikintisi təxirə salına bilər

Rusiyadan Çinə tədarük üçün “Sibirin gücü-2” qaz kəmərinin tikintisi təxirə salına bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə bazar günü, yanvarın 28-də “Financial Times” Monqolustanın baş naziri Luvsannamsrain Oyuun-Erdeneyə istinadən yazır.

Monqolustan hökumətinin başçısı bildirib ki, tərəflər hələ də irimiqyaslı layihənin əsas detalları barədə razılığa gəlməyiblər. Moskva və Pekinə daha ətraflı iqtisadi araşdırmalar aparmaq üçün daha çox vaxt lazımdır.

Bunu deyən monqolustanlı nazir,..“danışıqlar son iki ildə pik həddə çatan qaz qiymətləri ilə çətinləşib”-deyə əlavə edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin 2023-cü ildə ən azı iki dəfə görüşüb. Bununla belə, Pekin infrastruktur layihəsi ilə bağlı susur, Moskva isə tikintiyə hazır olduğunu dəfələrlə bəyan edib.

Nəşrin məlumatına görə, “Sibirin gücü - 2” 3550 kilometr uzanacaq ki, bunun da 950-si Monqolustan ərazisindən keçəcək.

2022-ci ilin iyulunda Monqolustanın Baş naziri boruların çəkilişinə 2024-cü ildə başlanacağını gözləyirdi. Bu arada Rusiya baş nazirinin müavini Aleksandr Novak “Energy Policy” jurnalı üçün yanvar məqaləsində bildirib ki, qaz kəmərinin tikintisinin vaxtı və əsas texniki-iqtisadi göstəricilər “məcburi müqavilələr imzalandıqdan sonra nəhayət müəyyənləşəcək”.

Xatırladaq ki, “Sibirin gücü” qaz kəməri 2019-cu ildən fəaliyyət göstərir.

“Financial Times”ın yazdığına görə, 2023-cü ildə onun vasitəsilə tədarükün həcmi təxminən 23 milyard kubmetr təşkil edib.

2025-ci ildə layihənin tam gücü 38 milyard kubmetrə çatacağı gözlənilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə