"Qəzza zolağı Fələstinin bir parçası və Fələstin xalqı üçün əvəzsizdir"

"Qəzza zolağı Fələstinin bir parçası və Fələstin xalqı üçün əvəzsizdir"

Fələstin Prezidenti Mahmud Abbas İsrailin işğalı və hücumları altında olan Qəzza zolağının Fələstin dövlətinin bir parçası və Fələstin xalqı üçün əvəzsiz olduğunu bildirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Prezident Mahmud Abbas işğal altında olan İordan çayının qərb sahilindəki Ramallah şəhərində Orta Şərq Sülh Kilsələri Şurasının (MECC) nümayəndə heyətini qəbul edib.

Abbas, "Qəzza zolağı Fələstin dövlətinin ayrılmaz hissəsidir. İşğalçı dövlətin (İsrail) hakimiyyət orqanlarının onu və ya hər hansı bir hissəsini ayırmaq planları qəbul edilməzdir" deyib.

İsrailin müsadirə etdiyi vergi fondlarının Fələstin dairələrinə geri qaytarılmasının vacibliyini vurğulayan M.Abbas, “Qəzza zolağından heç vaxt imtina etməyəcəyik və oranın əhalisi Fələstin dövlətinin məsuliyyətidir və əsas prioritetimizdir”-deyə bildirib.

Digər tərəfdən, Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Qəzzada humanitar vəziyyətin aktuallığını vurğulayaraq, Avropa İttifaqından (Aİ) dərhal atəşkəs çağırışı və iki dövlətli həllə qarşı olduğunu açıqlayan İsrailin Baş naziri Benyamin Netanyahuya sanksiyalar tətbiq etməsini istəyib.

Əl-Maliki Avropa İttifaqı xarici işlər nazirlərinin Orta Şərqdə "iki dövlətli həll"in müzakirə olunduğu iclas zamanı verdiyi açıqlamada hücumların davam etdiyi Qəzza zolağı və işğal altındakı İordan çayının Qərb sahilində vəziyyətin gündən-günə pisləşdiyini bildirərək Aİ xarici işlər nazirlərini "təcili atəşkəs" elan etməyə çağırıb.

Bölgədə səhiyyə sisteminin çökdüyünə diqqət çəkən Əl-Maliki, İsrailin hücumlarına qarşı təcili olaraq beynəlxalq müdaxiləyə ehtiyac olduğunu və "dərhal, tərəddüdsüz və kollektiv şəkildə" atəşkəs elan edilməsinin vacibliyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə