Türkiyədə 70 İŞİD şübhəlisi həbs edilib

Türkiyədə 70 İŞİD şübhəlisi həbs edilib

Türkiyə polisi bu həftə ölkə daxilində keçirdiyi reydlər zamanı 70 şübhəli İslam Dövləti yaraqlısını saxlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri cümə axşamı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya verib.

Daxili işlər naziri reydlər zamanı külli miqdarda nağd pul, rəqəmsal materiallar və “Havala” bank əməliyyatlarının qəbzlərinin də aşkar edildiyini söyləyib.

Qeyd edək ki,“Havala” ənənəvi olaraq müsəlman dünyasının bəzi yerlərində istifadə edilən qeyri-rəsmi pul köçürmə sistemidir.

Dekabrın sonunda Türkiyə təhlükəsizlik qüvvələri sinaqoqlara, kilsələrə və İraq səfirliyinə hücumlar planlaşdırdıqları iddia edilən 32 İŞİD yaraqlısını saxlayıblar.

Bir həftə əvvəl polis Yeni il şənlikləri öncəsi təhlükəsizlik yoxlaması kimi görünən Türkiyə daxilində eyni vaxtda keçirilən reydlər zamanı 304 şübhəli İŞİD yaraqlısını saxlamışdı.

Yeri gəlmişkən, İslam Dövləti qruplaşması son on ildə Türkiyədə bir sıra ölümcül hücumlar həyata keçirib, o cümlədən 2017-ci il yanvarın 1-də İstanbul gecə klubunda Yeni il şənlikləri zamanı 39 nəfərin ölümünə səbəb olan atışma və 2015-ci ilin oktyabrında Ankarada sülh yürüşünün partladılması.

Xatırladaq ki, sonuncu təxribat zamanı təxminən 105 nəfər həyatını itirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə