Hakan Fidan Bişkekdə bir sıra görüşlər keçirib

Qırğızıstanda rəsmi səfərdə olan xarici işlər naziri Hakan Fidan bu ölkənin Prezidenti Sadır Japarov tərəfindən qəbul edilib.
Hakan Fidan Bişkekdə bir sıra görüşlər keçirib

Qırğızıstanda rəsmi səfərdə olan xarici işlər naziri Hakan Fidan bu ölkənin Prezidenti Sadır Japarov tərəfindən qəbul edilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Qırğızıstan Prezidenti Aparatının Mətbuat Mərkəzindən verilən məlumata görə, Japarov Hakan Fidanla görüşündə səhiyyə, enerji və maliyyə mövzuları və regional təhlükəsizlik, eləcə də ikitərəfli gündəmdə olan bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə Prezident Rəcəb Tayyib Ərdoğanın Qırğızıstana planlaşdırılan rəsmi səfəri və Bişkekdə keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası müzakirə edilib.

Japarov Qırğızıstan və Türkiye arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafının müsbət dinamikasını alqışladığını vurğulayıb.

İki ölkə arasındakı ticarət və iqtisadi əməkdaşlığa toxunan Japarov Türkiye-Qırğızıstan Hökumətlərarası Komissiyasının paytaxt Ankarada keçiriləcək iclasının iqtisadi gündəmə dəstək baxımından əhəmiyyətini dilə gətirib.

Hakan Fidan da qonaqpərvərliyə görə Qırğızıstan Prezidentinə təşəkkür edib və iki ölkə liderlərinin birgə səyləri nəticəsində əməkdaşlığın genişləndirilməsi ilə mühüm nəticələrin əldə olunduğunu bildirib.

Hakan Fidan Bişkekdə parlamentin sədri Nurlanbek Şakiyev tərəfindən də qəbul edilib.

Şakiyev və Fidan arasında keçirilən görüşdə ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin artırılması və parlamentlərarası əməkdaşlığın inkişafı müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə