Oktyabrın 7-də baş verən hadisələr və onun nəticələri istisna olunarsa, 2023-cü ili Türkiyənin xarici siyasəti baxımından nisbətən sakit il kimi təyin etmək mümkün olardı. May ayında keçirilən prezident seçkilərindən sonra davam edən normallaşma tendensiyası Türkiyə xarici siyasətinin ümumi kursunun müəyyənləşməsində mühüm rol oynadı. Problemlərin həll olunmamasına baxmayaraq, potensial münaqişələrin minimuma endirilməsi və ümumi maraqların prioritetləşdirilməsi xarici siyasətin əsas gündəliyi oldu.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkidən sonrakı dövrdə Körfəz ölkələri ilə əlaqələri mərkəzləşdirən və iqtisadiyyatı əsas diqqət mərkəzinə çevirən regional xarici siyasətə üstünlük verdi. Suriyadan qaynaqlanan təhlükəsizlik risklərini azaltmaq üçün Əsəd hökumətilə nazirlər səviyyəsində danışıqlara başlanıldı. İsrail və Misirlə münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atıldı. Ərdoğanın Qarabağın azad edilməsində Azərbaycana güclü dəstəyi 2023-cü ildə Türkiyənin geosiyasi mövqeyini göstərdi.
Türkiyə Qərblə əlaqələrini bərpa etməyə çalışdı, ABŞ ilə münasibətlərdə yeni kurs cızmağı seçdi, Rusiya-Ukrayna münaqişəsində balanslı mövqe tutdu, Türkiyə-Yunanıstan zirvəsi keçirildi və sair.
Hörmətli dinləyicilər, “2024-cü il üçün Türkiyənin xarici siyasəti” mövzusu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın direktoru professor Murat Yeşiltaşın yazısını təqdim edirik, mətni oxuyur Sevda Mirzə.
KEÇİD
Türkiyə-ABŞ münasibətləri bəzi həll olunmamış məsələlərə görə 2024-cü ildə də gündəliyi zəbt edəcək. Bunlardan başlıcası, ABŞ-ın PKK terror təşkilatının Suriya qolu olan YPG-yə davamlı dəstəyilə bağlıdır. Xüsusilə ABŞ-ın Suriya strategiyasında YPG-yə Suriyanın şimal-şərqində dəstəyin davam etməsində ciddi dəyişiklik gözlənilmir. YPG öz hərbi imkanlarını və beynəlxalq şəbəkələrini gücləndirdiyi üçün bu davamlı dəstək Türkiyə üçün getdikcə daha böyük problem yaradır. Bölgənin adını Şimali Suriyanın Demokratik Hökuməti olaraq dəyişdirmə, yeni konstitusiya yaratma kimi son hərəkətlər Türkiyənin narahatlığına əsas verir. Ona görə 2024-cü ildə YPG məsələsi həll olunmazsa, Türkiyə üçün daha geniş strateji problemə çevrilər.
Türkiyə-Amerika münasibətlərinin digər məsələsi “F-16” satışlarında müsbət irəliləyişlər və İsveçin NATO üzvlüyü ilə bağlı Türkiyə Böyük Millət Məclisinin verdiyi müsbət qərara bağlıdır ki, bu, Türkiyə-Amerika əlaqələrinin hərbi və müdafiə ölçülərinə təsir edə bilər. Hətta İsrailin Qəzza müharibəsi, Türkiyənin bu məsələdə mövqeyi, yaxın gələcəkdə İsrail-Türkiyə arasında barışıq ehtimalının cüzi olması da Türkiyə-ABŞ münasibətlərindəki çatları birləşdirməz.
KEÇİD
Avropa İttifaqı miqyasında Türkiyə üçün canlanma müşahidə olunmur. Türkiyə-Avropa əlaqələri baxımından 2023-cü ildə əldə edilən atmosferin 2024-cü ildə də davam edəcəyi gözlənilir.
Davam edən Rusiya-Ukrayna münaqişəsi Türkiyə-Avropa münasibətlərinə çox ciddi təsir edir və münaqişənin gedişatı boyu Türkiyədən dəqiq strateji yanaşma tələb edir. Təhlükəsizliklə bağlı narahatlıqlar, miqrasiya əməkdaşlığı və iqtisadi qarşılıqlı asılılıq Türkiyə-Avropa münasibətlərinin 2024-cü ildə də stabil qalacağından xəbər verir.
Türkiyə ilə Yunanıstan arasında uzlaşma və Şərqi Aralıq dənizi enerji sahəsində əməkdaşlığın artması Türkiyə-Avropa münasibətlərinə müsbət təsir göstərəcək. Bununla belə, Avropada ifrat sağçı ideologiyanın yüksəlişi milli və xarici siyasətə təsir göstərə bilər ki, bu da Avropa İttifaqı daxilində anti-Türkiyə əhval-ruhiyyəsinə səbəb olur.
Davam edən Ukrayna-Rusiya müharibəsinin 2024-cü ildə də ən mühüm beynəlxalq problemlərdən biri olaraq qalacağı gözlənilir ki, yaxınlığı və maraqlarına görə bu, Türkiyəyə çox təsir edəcək.
Ən mühüm suallardan biri ABŞ və Avropa ölkələrinin Ukraynaya hərbi yardımı davam etdirib-etməyəcəyi ətrafındadır. Bu yardım davam etdirilərsə, Ukrayna savaşı sürdürmək qabiliyyətini təmin edəcək, kömək kəsilərsə, müharibənin gedişatı dəyişə və Rusiyanın xeyrinə ola bilər. Hər bir halda, Türkiyənin xarici siyasətinə Ukraynadakı münaqişənin mümkün nəticələri təsir edəcək.
Rəcəb Tayyib Ərdoğanın Macarıstan səfəri zamanı verdiyi son açıqlamalar və Türkiyə prezidentinin rusiyalı həmkarı Vladimir Putin arasında yeni görüşün mümkünlüyü taxıl dəhlizi sazişini yenidən gündəmə gətirə bilər.
Türkiyənin Suriya, Cənubi Qafqaz, Liviya və enerji sahələrində Rusiya ilə çoxşaxəli əlaqələri nəzərə alınsa, Türkiyə-Rusiya münasibətləri 2024-cü ildə də mühüm mərkəz olaraq qalacaq.
KEÇİD
Yaxın Şərqdə normallaşma Türkiyənin xarici siyasətinin mühüm hissəsi olmağa davam edəcək. Lakin Türkiyə ilə Körfəz ölkələri arasında “normallaşma” sözü köhnələ bilər ki, bu da yeni uzlaşma ilə bağlıdır. Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətəri birləşdirən yeni regional konsensus yaranarsa, xüsusilə müdafiə sahəsində əməkdaşlıq potensial strateji müttəfiqliyə çevrilə bilər. Amma Qəzza problemi çözülməzsə, 2024-cü ildə Yaxın Şərq regionu və o cümlədən Türkiyəyə təsir edəcək daha geniş qeyri-sabitlik mühiti yaranar. Bu zaman Türkiyə də daxil olmaqla Körfəz ölkələri Qəzzaya qarşı səylərini artıra bilər.
Orta Asiyanın 2024-cü ildə Türkiyə üçün, xüsusən də Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələr baxımından daha mühüm ölçüsü var. İlkin olaraq iqtisadi əməkdaşlığa əsaslanan bu tərəfdaşlığın daha strateji siyasi təşəbbüsə çevriləcəyi və Türkiyənin Mərkəzi Asiya tənliyində öz mövqeyini təmin edən xarici siyasət yürütməsinə səbəb olacağı gözlənilir.
Bütövlükdə, 2024-cü il Türkiyə strateji mühitində dinamizm və müxtəlifliklə xarakterizə olunacaq. Nəticədə Türkiyənin yeni regional və beynəlxalq oriyentasiyası üçün problemlər yaradan bir qədər məhdudlaşdırıcı regional atmosfer yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB