Rus ayısının min oyunu...

...Moskvanın cənubunda polisə hücum etdiyi iddia edilən 82 miqrant saxlanılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə dekabrın 15-i axşam saatlarında baş verib. Əvvəlcə yerli polis əməkdaşı “Sadovod” bazarının yaxınlığındakı Verxnie Polya küçəsində 21 yaşlı miqrantın sənədlərini yoxlamağa cəhd edib. O, polisin sözlərinə görə, polisi maşının bir neçə metr arxasına sürüyərək oradan uzaqlaşmağa çalışıb və daha sonra ona bir neçə zərbə vurub.

Şübhəlinin tutulması zamanı onun epilepsiya tutması olduğu iddia edilir.

Təbii ki, bütün bu nağıllar rus polislərinin dedikləri əsasında bildirilir.

Deməli, rus polislərinin dediklərinə görə, bu zaman bazardan çıxan bir qrup miqrant 21 yaşlı gənci polis əməkdaşlarının əlindən almağa cəhd ediblər.

Həbsdə iştirak edən polis məmuru kütləni qovmaq üçün havaya atəş açmalı olub. Və polisə əlavə qüvvələr göndərilib.

Polis əməkdaşına hücumda şübhəli bilinən şəxs dövlət məmuruna qarşı zorakılıq tətbiq etmək və dövlət məmurunu təhqir etməkdə cinayət məsuliyyətinə cəlb olunacaq. Saxlanılanların qalan hissəsinə qarşı xırda xuliqanlıq və miqrasiya qanunvericiliyini pozma faktları ilə bağlı protokollar tərtib edilib.

Polislə münaqişə Rusiya polisinin digər ölkələrdən gələn əməkçi miqrantlara qarşı getdikcə tez-tez reydləri fonunda yaranır. Məlumdur ki, polis Rusiya vətəndaşlığı almış miqrantları orduya çağırış vərəqəsi ilə “təmin edib” güllə qabağına göndərmək üçün axtarır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə