Rusiya və İran sanksiyalara qarşı mübarizə haqqında bəyannamə imzalayıblar
Gedək üzü küləyə..?

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Abdollahian Moskvada keçirilən görüşdə sanksiyaların mənfi nəticələrinə qarşı mübarizə və kompensasiya vasitələri haqqında bəyannamə imzalayıblar. Lavrov qeyd edib ki, sənəd “ABŞ və müttəfiqlərinin diplomatiyanı əvəzlədiyi” “qanunsuz” məhdudiyyətlərə qarşı mübarizədə iki ölkə arasında qarşılıqlı fəaliyyəti gücləndirəcək.

SİA xatırladır ki, İran 1979-cu il İslam İnqilabından bəri 40 ildən artıqdır ki, beynəlxalq sanksiyalar altındadır.

Qeyd edək ki, ötən ilin fevralına qədər Tehran məhdudiyyətlərdən təsirlənən fiziki şəxslərin və şirkətlərin sayına görə dünyaya liderlik edirdi.

Məsələn, “Castellum.AI” analitiklərinin məlumatına görə, 2022-ci il fevralın 22-dək İrana qarşı 3600-dən çox, Rusiyaya qarşı isə 2700-ə yaxın sanksiya tətbiq edilib. Ukraynaya hücumdan sonra isə Rusiya məhdudiyyətlərə görə dünya lideri olub. 2022-ci ilin fevralından 2023-cü ilin oktyabrına qədər Rusiyaya qarşı 15 200, İrana qarşı isə mindən bir qədər çox sanksiya tətbiq edilib.

Yeri gəlmişkən, dekabrın 7-də İran prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gələcək. İran mediası Putinin dəvəti ilə səfərin bir günlük olacağını yazır. Əsas mövzuların ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu kimi tanınan İsraillə HƏMAS qruplaşması, habelə Rusiyanın Ukraynaya qarşı müharibəsi olacağı gözlənilir.

Xatırladaq ki, bu, Rəisinin vəzifəyə gəldikdən sonra Moskvaya ikinci səfəri olacaq. Əvvəlki dəfə İran prezidenti 2022-ci ilin yanvarında Rusiya olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə