Ukraynalı hərbi əsirlərlə bağlı rusların şou-məhkəmələri davam edir
Rusiya işğalı altında olan Donetskdə məhkəmə Mariupolun müdafiəsində iştirak edən və əsir götürülmüş üç ukraynalı əsgəri uzun müddətə azadlıqdan məhrum edib.
SİA-nın əldə etdiyi məlumata görə, Dmitri Dobrovolski və Aleksandr Romaşin otuz il, Oleq Kolmıçevski ömürlük həbs cəzası aldılar.
Rusiya məhkəməsinin dəstəklədiyi versiyaya görə, Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları ötən ilin mart-aprel aylarında Mariupol uğrunda döyüşlər zamanı səkkiz dinc sakini qətlə yetiriblər.
Amma maraqlıdır ki, onların günahlarını etiraf edib-etməmələri barədə heç bir məlumat verilmir.
Xatırladaq ki, ötən ilin yazında Mariupolu müdafiə edən iki min yarıma yaxın ukraynalı əsgər Donbassda rus hərbçiləri və rusiyapərəst separatçılar tərəfindən əsir götürülmüşdü. Qeyd edək ki, onların çoxu Azov alayında xidmət edirdi. Qondarma “Donetsk Xalq Respublikası”nın hakimiyyəti əsir götürülmüş Azov sakinləri ilə bağlı ictimai tribunal təşkil etməyi planlaşdırırdı.
Amma ötən ilin sentyabrından əsir mübadiləsi çərçivəsində 300-dən çox Azov döyüşçüsü Ukraynaya qaytarıldı. Belə ki, qaytarılanlar arasında bölük komandiri Denis Prokopenko və onun müavini Svyatoslav Palamar da daxil olmaqla alayın komandanlığı da var idi.
Sonradan məlum oldu ki, Ukrayna bunun müqabilində Vladimir Putinin xaç atası və Ukraynanın “Müxalifət Platforması - Ömürlük” müxalifət partiyasının liderlərindən biri Viktor Medvedçuku Rusiyaya təhvil verib.
Yeri gəlmişkən həmən ərəfədə Medvedçuk dövlətə xəyanət ittihamı ilə həbs edilmişdi.
Mariupolda əsir götürülən onlarla digər ukraynalı hərbçi buna baxmayaraq Rusiyada və onun işğal etdiyi ərazilərdə cinayət təqibinə məruz qaldı. Onların bəziləri artıq uzun müddətə, ömürlük həbs cəzasına məhkum ediliblər. Ukrayna hakimiyyət orqanları və beynəlxalq insan haqları təşkilatları Moskvanı ukraynalı hərbi əsirlərin bu cür şou-məhkəmələrinin keçirilməsinə görə kəskin tənqid edir, çünki bu, beynəlxalq humanitar hüquq, xüsusən də Cenevrə Konvensiyası ilə açıq şəkildə qadağandır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB