Kosovo Serbiya ilə dialoqu bərpa edir

Kosovo Serbiya ilə dialoqu bərpa edir

Kosovo Serbiya ilə dialoqu bərpa etməyə razılaşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın sonlarında Kosovonun şimalında silahlı toqquşmadan sonra Serbiyanı işğal cəhdində təqsirləndirərək dialoqu rədd edən Kosovo danışıqları bərpa etmək qərarına gəlib. Kosovo hökuməti Baş nazir Albin Kurtinin ABŞ və Avropadan olan vasitəçilərin keçən həftə təqdim etdiyi “yeni planı” qəbul etdiyini açıqlayıb.

Albin Kurti Avropa İttifaqına üzv ölkələrin bu gün başlayan sammiti çərçivəsində Almaniya, Fransa, İtaliya və Avropa Komissiyasının rəhbərləri ilə görüşlər keçirəcək. Serbiya Prezidenti Aleksandar Vuçiçin də iştirak edəcəyi sammitdə Serbiya ilə Kosovo liderlərinin təkbətək görüşü gözlənilmir.

Qeyd edək ki, Serbiya ilə Kosovo hazırda ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənən və Fransa-Almaniya Planı kimi tanınan konsepsiya üzrə danışıqlar aparır.

Ötən həftə Aİ-nin Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak və ABŞ-ın Qərbi Balkan ölkələri üzrə xüsusi nümayəndəsi Qabriel Eskobar, eləcə də İtaliya, Almaniya və Fransanın yüksək səviyyəli nümayəndələri həm Aleksandar Vuçiçlə, həm də Albin Kurti ilə görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə