Şavkat Mirziyoyev Rüstəm Minnixanovla görüşüb

Şavkat Mirziyoyev Rüstəm Minnixanovla görüşüb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiyaya etdiyi rəsmi səfər çərçivəsində Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovla görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Özbəkistan Prezidenti ofisindən verilən məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, görüşdə tərəflar arasındakı əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Şavkat Mirziyoyev son illərdə ikitərəfli münasibətlərin yüksək səviyyəyə qaldırılmasından məmnunluğunu ifadə edərək, tərəflər arasında ticarət və investisiya həcminin getdikcə artdığını, bir çox birgə investisiya layihələrinin uğurla həyata keçirildiyini bildirib.

Şavkat Mirziyoyev və Rüstəm Minnixanov ötən gün Kazanda keçirilən Özbəkistan-Rusiya 3-cü Regionlararası Əməkdaşlıq Forumunun nəticələrinin qənaətbəxş olduğunu qeyd edərək, bu əməkdaşlıqların davam etdirilməsi və inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Görüşdə metallurgiya, rabitə, mənzil-məişət və sosial sahələrdə əməkdaşlıq layihələrinin həyata keçirilməsi, təhsil, turizm və gənclər siyasəti sahələrində əməkdaşlığın genişləndirilməsi mövzularını müzakirə edən Şavkat Mirziyoyev və Rüstəm Minnixanov həmçinin Özbəkistanda Rusiya texnoparklarının yaradılması ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsi və birgə yol xəritələrinə əsaslanan mühüm məsələlərdə konstruktiv əməkdaşlıq layihələrinin həyata keçirilməsi barədə razılığa gəliblər.

Şavkat Mirziyoyev təmasları çərçivəsində Rürtəm Minnixanovla Kazan şəhərindəki “Kazan Expo” mərkəzində açılan Tatarıstanın sənaye yarmarkasını ziyarət edib, buranın aparıcı müəssisələrinin sənaye məhsulları və texnologiyaları ilə tanış olub, Kazan Kul Şərif məscidinə baxış keçirib.

Qeyd edək ki, Şavkat Mirziyoyev bu gün paytaxt Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə