“Bu cür hücum cəhdlərinə cavab sərt olmamalıdır - qəddar olmalıdır”

Ramzan mövqeyini bildirdi
“Bu cür hücum cəhdlərinə cavab sərt olmamalıdır - qəddar olmalıdır”

Moskvaya pilotsuz təyyarənin hücumunu şərh edən Çeçenistan rəhbəri Ramzan Kadırov, tezliklə Ukraynaya nələrə qadir olduqlarını göstərəcəklərini vəd edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o Telegram kanalında yazıb.

Maraqlıdır ki, Çeçenistan rəhbəri hələlik ukraynalılara vəd etdiklərinin təfərrüatlarını açıqlamayıb.

“Bu cür hücum cəhdlərinə cavab sərt olmamalıdır - qəddar olmalıdır. Biz vətəndaşlarımızı qoruyuruq, elə ona görə də təlaşa və mərasimdə dayanmağa ehtiyac yoxdur”,- deyə Çeçenistan rəhbəri bildirib.

Rusiyada hərbi vəziyyətin tətbiq olunmasını və bunun üçün nəzərdə tutulan bütün resurslardan istifadə edilməsini bəyan edən Ramzan, daha bir kəşfə də imza atıb. Belə ki, o, bu gün Ukraynada hərbçi və siyasətçilərin olmadığını, bu ölkədə yalnız terrorçuların olduğunu öz kəşfi kimi bəyan edib.

Xatırladaq ki, bu gün mayın 30-da səhər saatlarında pilotsuz uçuş aparatları Moskvaya hücum edib. Hücum zamanı Moskvadakı üç evə ziyan dəyib - Novomoskovsk rayonunda Atlasova küçəsində, Profsoyuznaya küçəsində və Leninski prospektində. Hücum zamanı ciddi xəsarət alanların olmadığı deyilir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin hadisəni terror fəaliyyəti adlandırıb. Onun sözlərinə görə, Kiyev Rusiya vətəndaşlarını qorxutmaq cəhdləri və yaşayış binalarına hücumlar yolunu seçib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə