Belarusa daha bir “S-400” hava hücumundan müdafiə sistemi verilib

Bazar günü, mayın 28-də Rusiyadan Belarus Respublikasına “S-400” zenit-raket kompleksinin yeni dəsti gətirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Yaxın vaxtlarda “S-400” hava hücumundan müdafiə sistemi döyüş vəzifəsini yerinə yetirəcək. Bunun üçün Belarus zenitçiləri Rusiya poliqonlarında tam təlim kursunu keçiblər. İndi onlar Belarusun və bütövlükdə İttifaq dövlətinin hərbi təhlükəsizliyini təmin etmək üçün öz bilik və bacarıqlarını tətbiq etməyə hazırdırlar.

Qeyd edək ki, Belarus hərbi qulluqçuları Belarus Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Rusiyadan “S-400” kompleksi alıblar. Bu proqram çərçivəsində qoşunların regional qruplaşmasının döyüş potensialının artırılması üzrə tədbirlərin həyata keçirilməsi üçün Belarus Silahlı Qüvvələrinin birləşmə və hərbi hissələrinə yeni müasir silah növləri verilir.

Yeri gəlmişkən bir müddət bundan əvvəl prezident Aleksandr Lukaşenko, Rusiyanın artıq Belarusa qeyri-strateji nüvə silahları daşımağa başladığını bildirmişdi. Belarus prezidentinin sözlərinə görə, Vladimir Putin artıq “Belarusda nüvə silahının yerləşdirilməsi üzrə tədbirlər haqqında” fərman imzalayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə