Ehtiyatda olan Rusiya vətəndaşları hərbi təlimlərə çağırılır

Ehtiyatda olan Rusiya vətəndaşları hərbi təlimlərə çağırılır

Rusiya Federasiyasının başçısı Vladimir Putin Rusiya vətəndaşlarının hərbi hazırlıq üçün ehtiyatdan illik hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Fərmanda qeyd olunur ki, vətəndaşlar Rusiya Federasiyası Silahlı Qüvvələrinə, Milli Qvardiyanın qoşunlarına, dövlət təhlükəsizlik orqanlarına və ya Federal Təhlükəsizlik Xidmətinə göndərilə bilərlər. Rusiya Federasiyası Hökuməti və digər icra hakimiyyəti orqanları, o cümlədən regionlardakı bütün lazımi tədbirlərə riayət edilməsinə cavabdehdirlər.

Qeyd edək ki, Fərman dərc edildiyi gündən qüvvəyə minib.

Yeri gəlmişkən, hər il ehtiyatda olan Rusiya vətəndaşlarının hərbi təlim düşərgələri keçirilir. Onlar hərbi xidmətə cəlb olunan rusların bilik və bacarıqlarının səviyyəsini yüksəltmək üçün keçirilir. Təlim-məşq toplanışında artıq Rusiya ordusu sıralarında hərbi xidməti başa vuranlar, habelə möhlət almış və ya ondan azad edilmiş şəxslər iştirak edirlər.

Onu da qeyd edək ki, tədbirlərə hərbi kafedraların məzunları da cəlb olunur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə