Rusiyanın 21 şəhərində Qələbə paradı niyə keçirilməyəcək?

Rusiyanın 21 şəhərində Qələbə paradı niyə keçirilməyəcək?

...Bəli, gərək ki, məlumunuz olar, Rusiyanın 21 şəhərində Qələbə Günü şərəfinə hər il təşkil edilən paradlar bu il ləğv edilib. Belə ki, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Saratov, Oryol, Kaluqa, Ryazan, Lipetsk, Yelets, Qusev, Tümen və digər şəhər rəhbərlikləri tədbirdən imtina ediblər.

Maraqlıdır, niyə?

Məsələn, Pskov və Velikiye Luki şəhər hakimiyyətləri paradların ləğvini xüsusi hərbi əməliyyat iştirakçılarının narahatlığı ilə izah ediblər. Regionun rəhbəri Mixail Vedernikovun sözlərinə görə, Ukraynaya hücumun iştirakçıları reabilitasiya üçün bu şəhərlərə gəlirlər və guya atəşfəşanlığı başqa cür qəbul edə bilərlər.

Kurskda paradın ləğvi indiki vəziyyət, Belqorodda isə böyük texnika və hərbi heyətlə düşməni təhrik etməmək ilə izah edilib.

Qeyd edək ki, Bryansk, Krasnodar və Soçi hakimiyyətləri bayram tədbirlərinin ləğvini izah etməyiblər. Nijnevartovsk, Surqut və Xantı-Mansiyskdəki paradlar guya digər şəhərlərlə həmrəylik səbəbindən ləğv edilib.

Yeri gəlmişkən, təhlükəsizlik məqsədilə ilhaq edilmiş Krımın şəhərlərində paradlar ləğv edilib.

Bu arada Kreml sözçüsü Dmitri Peskov Kiyevin Kremlə iki pilotsuz uçan aparatla zərbə endirilməsi cəhdinə baxmayaraq, mayın 9-da Moskvanın Qırmızı Meydanında parad kçirəcəklərini bildirib. Peskovun dediyinə görə, Rusiya prezidenti Vladimir Putin paradı tribunadan izləyəcək və hətta çıxış da edəcək.

Kreml sözçüsü Moskvada təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib. Moskvanın meri Sergey Sobyanin bir gün əvvəl pilotsuz uçan aparatların Moskva səmasında uçuşlarına qadağa qoyulması barədə göstəriş verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə