Yaponiya yenidən Kuril adalarını qanunsuz işğal olunmuş adlandırıb

Yaponiya yenidən Kuril adalarını  qanunsuz işğal olunmuş adlandırıb

Yaponiya Cənubi Kuril adalarını (Tokio onları “Şimal əraziləri” adlandırır) “Diplomatik Mavi Kitab”da yenidən “Rusiya tərəfindən qeyri-qanuni işğal edilmiş” kimi göstərib.

SİA-nın məlumatına görə, bu barədə RBC Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş sənədə istinadən xəbər verir.

Qeyd edək ki, keçən apreldə həmin “Mavi kitab”da Yaponiya 19 ildə ilk dəfə Cənubi Kuril adalarını “işğal olunmuş” adlandırmışdı.

Söhbət Kunaşir, Şikotan, İturup və Xabomai silsiləsi adalarından gedir.

“Mavi kitab”ın mətnində deyilir: “Yaponiyanın suverenliyi altında olan şimal əraziləri indi Rusiyanın qeyri-qanuni işğalı altında olan orijinal Yaponiya əraziləridir”.

Yaponiya Xarici İşlər Nazirliyi də bu ərazilərə sahiblik problemini Yaponiya-Rusiya münasibətlərinin ən ciddi həll olunmamış problemi adlandırıb və Moskvanı sülh müqaviləsi məsələsində Tokio ilə danışıqları dayandırmaq qərarına görə tənqid edib.

Xatırladaq ki, ötən ilin martında Rusiya Xarici İşlər Nazirliyi, Moskvanın Yaponiyanın Rusiyaya qarşı tətbiq etdiyi birtərəfli məhdudiyyətlərin qeyri-dostluq xarakteri daşıdığına görə Tokio ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək niyyətində olmadığını bildirmişdi. Daha sonra Ukraynadakı hərbi əməliyyata cavab olaraq Yaponiya Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Moskva həmçinin yaponların Kuril adalarına vizasız səfərlərini dayandırıb və adalarda müştərək iqtisadi fəaliyyətlərin qurulması ilə bağlı dialoqdan çıxıb.

Onu da qeyd edək ki, keçən fevralda baş naziri Fumio Kişida hökumətin ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına qətiyyətlə sadiq olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə